Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu xeyli iş görüb.
O, qeyd edib ki, Rusiya üçtərəfli formatda ən yüksək səviyyədə əldə olunmuş razılaşmalardan çıxış edir. “Üçtərəfli işçi qrupu xeyli iş görüb, dəmir yolu əlaqəsinin, o cümlədən Ermənistanın Zəngəzur bölgəsi vasitəsilə Azərbaycan və NMR ərazisi arasında tranzit daşımalarının blokdan çıxarılması üçün əsas parametrləri razılaşdırıb. Məsələnin maraqlarına uyğun olaraq, qalan məsələləri və müxtəlif şərhləri onların nəzərdən keçirildiyi formatda əlaqələndirmək məqsədəuyğundur, ona görə də biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik”, – deyə Mariya Zaxarova yekunlaşdırıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə nəzarət funksiyalarını Rusiyaya buraxa bilər.
//Samir Qurbanov, Editor.az

