Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin elmi-siyasi həyatında mühüm istiqamətləri müəyyənləşdirməklə yanaşı, milli məsələlərlə bağlı strateji yanaşmanı da ortaya qoydu. Dövlət başçısının çıxışında Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsinə toxunması cəmiyyətdə geniş rezonans doğurub.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin çıxışı təkcə yubiley xarakteri daşımır, eyni zamanda proqram sənədi kimi qiymətləndirilməlidir:
“Cənab Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışı proqram xarakterli idi. Bu proqramda Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönməsi məsələsi də önəmli yer tutur. Dövlət başçısı xalqımızın xarakterini bir daha vurğulayaraq qeyd etdi ki, azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, heç vaxt həmin dövlətin ərazi bütövlüyünə, suverenliyinə və idarəetmə sisteminə qarşı təhdid törətməyiblər”.
Deputatın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəaliyyəti də bu fikrin bariz nümunəsidir:
“Azərbaycanlılar harada yaşasalar da, konstruktiv, dinc və əməksevər münasibətləri ilə seçilirlər. Cənab Prezidentin bu məqamda Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirməsi təsadüfi deyil. Son dövrlər bu məsələnin aktuallığını itirdiyi yönündə fikirlər səslənirdi. Lakin dövlət başçısının çıxışı bir daha göstərdi ki, Qərbi Azərbaycan məsələsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq gündəmdə qalır”.
Azər Badamov əlavə edib ki, tarix boyu ermənilər Azərbaycan torpaqlarında separatçılıqla məşğul olsalar da, xalqımızda belə meyillər heç vaxt mövcud olmayıb:
“Prezident İlham Əliyevin “azərbaycanlılar Ermənistana tankla, tüfənglə deyil, avtomobil yolu ilə qayıdacaqlar” fikri dərin siyasi məna daşıyır. Bu, Azərbaycanın sülh və qarşılıqlı anlaşma siyasətinə sadiqliyinin göstəricisidir. Zəngəzur dəhlizinin açılması gələcəkdə bu prosesin reallaşması üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi xalqlar arasında əlaqələrin və qarşılıqlı etimadın formalaşmasına müsbət təsir göstərəcək. Müsbət tendensiyaların yaranması Qərbi Azərbaycan icmasının hədəflərinə daha da yaxınlaşmasına şərait yaradacaq”.
Azər Badamov həmçinin Ermənistan cəmiyyətində Azərbaycan dilinə marağın artmasının da diqqətəlayiq olduğunu vurğulayıb:
“Hazırda Ermənistanda Azərbaycan dilinin tədrisinə başlanması ünsiyyətin vasitəsiz şəkildə qurulmasına şərait yaradır. Bu da Qərbi Azərbaycan mövzusunu daha real müstəviyə gətirən mühüm amillərdən biridir.”
Deputat yekunda qeyd edib ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri dönməsi məsələsi hələ də gündəmdədir və bu istiqamətdə Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır: “Bu məsələ dövlətimizin xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi qalmaqdadır və zamanı yetişdikdə ədalətli şəkildə öz həllini tapacaq”.
//Gülnarə Abasova, Editor.az

