“Qardaş Türkiyədə baş verən zəlzələ böyük dağıntılara səbəb olub. Son məlumatlara görə, 30 mindən çox insan həyatını itirib, on minlərlə insan xəsarət alıb. Azərbaycan da başda olmaqla, 100-ə yaxın ölkə humanitar yardım etmək üçün Türkiyəyə müraciət edib”.
Bu fikirləri Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan da Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək başsağlığı verib və göndəriləcək yardımları qəbul etmələrini xahiş edib:
“Türkiyə isə bu addımı müsbət qarşıladı.
Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Türkiyə də bu ölkəyə sərhədi bağlamışdı. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə öz çıxışlarında Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına, sülhün, əmin-amanlığın bərqərar olmasına, bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarı olduqlarını bildirmişdilər”.
Sonda isə millət vəkili bildirib ki, əgər Ermənistan rəhbərliyi Türkiyə ilə sərhədlərin açıq qalmasını, bunun vasitəsilə digər ölkələrlə inteqrasiya etmək, iqtisadi əlaqələrin bərpasını istəyirsə, ilk növbədə Zəngəzur dəhlizin açılmasına mane olmamalıdır.
//Safura Bənnayeva, Editor.az

