Zəngəzur dəhlizinin açılmasına kimlər mane olur?- “Bu dəhlizi öz təhlükəsizliyi üçün təhdid hesab edir”backend

Zəngəzur dəhlizinin açılmasına kimlər mane olur?– “İran bu dəhlizi öz təhlükəsizliyi üçün təhdid hesab edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi məsələsi prosesin iştirakçıları üçün əllərində olan son “kozr kartı”dır. Dəhliz gec-tez açılacaq, sadəcə tərəflər bundan divident götürməyə çalışırlar. Ermənistan dəhlizin açılmasından yaxşı tranzit haqqı almaqdan tutmuş, Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin statusuna, sərhəd delimitasiyasına, hərbi əsir hesab etdikləri, lakin bizim terrorist dediyimiz hərbçilərin azad olunmasına kimi maraqlı məsələlərin həllinə çalışırlar. Təbii ki, bu məsələlər öz həllini tapmalı olan məsələlərdir, lakin bizim də öz qırmızı cizgilərimiz var. İlk növbədə ərazimizdə yaşayan ermənilərə heç bir statusun verilməyəcək. Lakin digər məsələlər isə tez bir zamanda həllini tapacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə Zəngəzur dəhlizi Prezident İlham Əliyevin dediyi kimi, nə yolla olur-olsun açılacaq, istər xoş, istərsə də güc yolu ilə:

“Bu məsələ “10 noyabr bəyannamə”sinin vacib şərtidir. Bundan boyun qaçırmaq mümkün deyil. Hesab etmək olar ki, dəhliz məsələsi Azərbaycan və Ermənistan arasında həll edilmiş məsələdir. Əsas problem bu məsələyə İran və Rusiyanın mane olmasıdır. Rusiyanın maraqlarını yenə də müəyyən mənada başa düşmək olar, hansı ki, bu maraqlar qarşılıqlı olaraq həll ediləndir. İranın bu məsələyə yanaşması isə xüsusilə maraq doğurur. İran Zəngəzur dəhlizi məsələsinə ölüm-qalım məsələsi kimi baxır. Bu dəhlizi öz təhlükəsizliyi üçün təhdid hesab edir, çünki Zəngəzur dəhlizinin süni olaraq yaradılmasındakı əsas məqsəd Türk dünyası arasındakı əlaqəni kəsmək idi. İndi bu dəhlizin açılması özünü türk düşməni hesab edən qüvvələr üçün yeni təhlükə mənbəyidir. Buna görədir ki, İran artıq 30 ildir ki, gizlətdiyi üzünü göstərməyə başlayıb. Müxtəlif bəhanələr gətirib Azərbaycan sərhədinə ordu toplayır”.

Politoloq bildirib ki, Azərbaycan  bu dəhlizin açılmasının bütün ətraf dövlətlərin maraqlarına cavab verdiyi fikrindədir. Hesab edir ki, dəhlizin açılması bütün region və digər bu yoldan istifadə edəcək ölkələr üçün iqtisadi üstünlük verəcək, hər kəs üçün qazanclı olacaq.

//Gülnarə Abasova, Editor.az