“Hazırda Zəngəzur dəhlizi layihəsi nəinki region dövlətləri üçün, hətta Yaxın Şərq, Avropa üçün də olduqca zəruridir. Bu gün Azərbaycanın yaratdığı ittifaq və əməkdaşlıqlar Cənubi Qafqazı böyük kommunikasiya məkanına çevirib. Hazırda Ermənistan rəhbərliyi də yaxşı bilir ki, dəhliz onlar üçün hər şeydən daha vacibdir. Çünki regionda dalana sıxılan, bütün iqtisadiyyatı xaricdəki lobbidən asılı olan yeganə dövlət məhz Ermənistandır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır:
“Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlar. Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək. Bu dəhlizin açılması regional və beynəlxalq yükdaşımaların əsas “həlqəsi adını” qazanacaqdır”.
//Gülnarə Abasova, Editor.az

