İran ABŞ-nin acığını “Tramp marşrutu”ndan çıxa bilərmi?; ekspertlərdən açıqlamalar
ABŞ-la müharibə Zəngəzur dəhlizinin açılmasına ciddi təhlükə yaradacaq, çünki İran bu dəfə daha israrla Trampın adı keçən layihənin reallaşmasına qarşı çıxacaq. “Yeni Müsavat” bildirir ki, bəzi yerli ekspertlər hələ sonu bəlli olmayan İran müharibəsinin mümkün nəticələri haqda danışarkən bu variantı da istisna etmirlər.
İddialara görə, İran bu savaşdan qismən gücünü qoruyaraq çıxarsa, sərhədinə yaxın yerdə Amerikanın projesinin reallaşmasına əvvəlkindən daha artıq qarşı çıxacaq. Hətta “qırmızı xətti”ni müdafiə etmək üçün daha israrlı olacaq.
Bu arada, hətta İranla savaşın səbəbləri sırasında Zəngəzur dəhlizi ətrafında geosiyasi rəqabətin olduğu da göstərilir. Türkiyə mediasının yazdığına görə, bu savaşın səbəbləri sırasında Rusiyadan və ya İrandan asılı qalmadan Mərkəzi Asiyaya çıxış verən Zəngəzur dəhlizi də var.
Qeyd edək ki, İrandakı rejimin, xüsusilə də SEPAH-ın və radikal siyasilərin Zəngəzur dəhlizi – Tramp marşrutuna qıcığı yeni məsələ deyil. Hətta ötən ilin 8 avqust razılaşmasından, yəni marşruta Trampın adının verildiyi Vaşinqton anlaşmasından əvvəl də İrandan təhdidlər səslənirdi və bəzi rəsmilər Zəngəzur dəhlizinin Ermənistanın da ziyanına olduğu barədə iddialar səsləndirirdilər. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizindən nəinki Ermənistanın, hətta İranın da faydalanacağı barədə mövqelər səsləndirəndən sonra İran bəyanatlarının “doza”sını müəyyən qədər azaltmalı oldu. Lakin körfəz ölkələrində ABŞ-nin maraqlarının hədəfə alınması fonunda ABŞ-yə icarəyə veriləcək 42 km-lik zolaqda hansısa gərginliklərin yaradılmayacağına da təminat yoxdur. 99 illik ABŞ-yə icarəyə verilən “Tramp marşrutu”nu “TRIPP Development” şirkəti idarə edəcək və onun 74 faizi ABŞ-yə məxsus olacaq. 49 ildən sonra müqavilə daha 50 il uzadılacaq, Ermənistanın payı 49 faizə çatacaq, lakin nəzarət paketi (51 faiz) yenə də amerikalılarda qalacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə demişdi ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil. N.Paşinyan tikinti işlərinə ilin ikinci yarısından başlanılacağını desə də, görünür, İran müharibəsi Ermənistanı çəkindirir.
Ermənistanda fəaliyyət göstərən Amerika Universitetində (American University of Armenia) gözlənilmədən təhlükəsizlik səbəbilə nəzərdə tutulan dərslərin ləğv olunması və tədris prosesinin müvəqqəti olaraq onlayn rejimə keçirilməsi də Ermənistanın ehtiyatlanmasının göstəricisidir. Universitet rəhbərliyi bildirib ki, bu addım İranın Qərbi Asiya və Yaxın Şərqdə yerləşən Amerika ali məktəblərinə qarşı mümkün təhdidləri ilə bağlı yayılan məlumatlar fonunda atılıb. Bu mənada İranın Arazboyu ərazilərdə həyata keçirilməsi gözlənilən işlərə sakit yanaşacağı inandırıcı görünmür.
Ekspertlərimiz Zəngəzur dəhlizi – Tramp marşrutuna İrandan təhdidlərlə bağlı nələr düşünür? İran ABŞ-nin acığını “Tramp marşrutu”ndan çıxa bilərmi?

Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran bu savaşdan ancaq bir halda hərbi potensialını tam itirməmiş çıxa bilərdi, əgər rejim vaxtında, yəni 5-10 günə çöksə idi: “Bu, baş vermədi. Ona görə də düşünmürəm ki, daha İrana Zəngəzur dəhlizinə maneçilik törətmək şansı buraxılsın. Ancaq o şans buraxılsa və hətta ABŞ Ermənistandan keçən hissəsi ilə bağlı planlarından imtina etsə belə, dəhliz açılacaq. Hörmüz boğazı üzərində nəzarəti ələ almaq üçün canlı qüvvə itkisinə belə hazır olan bir dövlətin digər strateji xarakterli kommunikasiya xəttində pay və söz sahibliyindən vaz keçəcəyi isə qətiyyən ağılabatan deyil”.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ-nin İrana qarşı müharibənin necə bitməsindən asılı olmayaraq, Tehranın “Tramp yolu” kimi adlandırılan Zəngəzur dəhlizinə əngəl yaradacağını ehtimal etmir: “İrandakı rejim müharibədə məğlub olmayaraq varlığını qorusa belə, elə vəziyyətdə olmayacaq ki, Cənubi Qafqazın və Mərkəzi Asiyanın dünya bazarlarına çıxışını təmin edən layihəyə mane ola bilsin. Əlbəttə, layihənin adı “Tramp yolu” olduğuna görə, bu, İranın mühafizəkar dairələrində əvvəlki kimi narahatlıq yaradacaq. Ancaq müharibə bitdikdən sonra İrandakı rejim ilk növbədə ölkə iqtisadiyyatını və sosial həyatı normallaşdırmaq barədə düşünməlidir. Bu isə asan olmayacaq. Çünki ABŞ və İsrail İrana bombardmanları sırasında hərbi mərkəzlərlə yanaşı, sənaye müəssisələrinə də zərbələr vurublar. Bu isə o deməkdir ki, 90 milyon əhalisi olan İranı işsizlik problemi gözləyir. Həmin müəssisələri bərpa etmək üçün onilliklər lazım gələcək. İndinin özündə İranda ərzaq qıtlığı və bahalaşma prosesi gedir”.
E.Şahinoğlunun fikrincə, bütün bunlar varkən, İrandakı rejimin müharibədən sonra “Tramp yolu”na qarşı təxribatlar üçün taqəti qalmayacaq. Ancaq analitikin sözlərinə görə, buna baxmayaraq, SEPAH generallarından məntiqsiz qərarlar da gözləmək mümkündür: “Misal üçün, Türkiyə İrana qarşı müharibəni dayandırmaq üçün əlindən gələni edir, İsraili lənətləyir, ABŞ-ni sərt tənqid edir, bunun əvəzinə SEPAH Türkiyə ərazisinə 4-cü raketini atıb. Halbuki İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Türkiyə Prezidenti Ərdoğana türk dilində minnətdarlığını bildirmişdi. Məsud Pezeşkian X hesabında regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu sözlərlə təşəkkür etmişdi: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik”. Aydındır ki, Məsud Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir. Həmin generallar isə düşməni dosta qatıb aləmi alova bürüməyə çalışırlar”.
Politoloq digər məqama da diqqət çəkdi: “Məsud Pezeşkian mart ayında iki dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb və hər dəfəsində ölkəmizə minnətdarlığını ifadə edib. Bunun ardınca, İranın xarici işlər naziri Abbas Əraqçi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Onun da Azərbaycan dilində X hesabında yazdığı cümlələr minnətdarlıq hissi ilə boldur. “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm” – yazan iranlı diplomat çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini vurğulayıb. SEPAH generalları isə eyni məntiqdən çıxış etmirlər. Həmin generallar anlamalıdırlar ki, gələcəkdə “Tramp yolu”nun tikintisini əngəlləmək istəsələr, qarşılarında daha böyük güc görəcəklər”.

