Bu günlərdə İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Arif Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşdə bildirib ki, Tehranın qonşuluq siyasətində bu ölkənin xüsusi statusu var. O, iki ölkə arasında yol tikintisi, enerji, ekologiya, tranzit və nəqliyyat, texnologiya və süni intellekt sahələrində əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb: “İslam Respublikasının qonşuluq siyasətində Ermənistan xüsusi yer tutur. Tehran-İrəvan münasibətləri möhkəm və sarsılmaz təməl üzərində qurulub”.
İran rəsmisi Ermənistanla münasibətlərin çox yüksək, hətta qibtə ediləcək səviyyədə olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Editor.az-a açıqlama verib. O bildirib ki, uzun illər Vilayətinin də təmsil olunduğu Tehran hakimiyyəti işğalçı Ermənistandan Azərbaycana qarşı təzyiq aləti olaraq yararlanıb:

“M.Arif, Ə.Vilayəti və başqaları “Bu nə yoldur?” deyə, Ermənistan rəhbərliyindən niyə soruşmurlar. Bu günlərdə Ermənistanın keçmiş XİN başçısı Ara Ayvazyan İran TV-lərindən birinə qonaq çağırılıb. Onun dilindən Tehran Zəngəzur yolu barədə əks-təbliğat aparıb. Bu da İran hakimiyyətində Vilayəti kimi siyasilərin təmsil etdiyi xəttin Azərbaycana qərəzli yanaşmasının göstəricisidir”.
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyün bərpa etdikdən sonra İran da sanki tərk-silah oldu:
“O, ənənəvi təzyiq göstərmək metodundan istifadə etmək üçün müxtəlif bəhanələr, iddialar irəli sürməyə başladı. Zəngəzur yolu bu yerdə İran üçün göydəndüşmə bir məsələ idi. Azərbaycan Respublikasına qarşı kampaniya aparmaq üçün o bundan istifadə etməyə çalışır.
Vilayətinin bəhs etdiyimiz hədələyici açıqlaması İran hakimiyyəti daxilində Azərbaycana münasibətin ziddiyyətli, birmənalı olmadığını göstərir. Ali rəhbərin müşavirinin bu statusunu həm də Prezident Məsud Pezeşkianı hədələməsi kimi də dəyərləndirmək olar. Çünki o, Güney Azərbaycanın Zəncan şəhərində Zəngəzur yolu ilə bağlı məsələyə münasibət bildirərkən onu “əhəmiyyətsiz” adlandımışdı. Prezident bununla da dəhliz haqqında çürük və əsassız iddialara qiymət verib”.
“Azərbaycanla dövlət sərhədi müəyyənləşməsə də, Zəngəzur, yaxud ermənilərin Sünik adlandırdığı ərazi hazırda Ermənistanda yerləşir. Bu, həm də o deməkdir ki, indiki şəraitdə yolun açılması ilə bağlı əsas söz sahibi bu ölkə sayılır. Tehran rəsmiləri, o cümlədən Vilayəti Ermənistanın üzərinə belə hay-küylə getmir. Əksinə, İrəvan rəsmiləri ilə mülayim rəftara üstünlük verirlər”,- sonda politoloq bildirib.
//Gülnarə Abasova, Editor.az

