Zəngəzura bu yolla qayıdacağıq – TƏHLİLbackend

Zəngəzura bu yolla qayıdacağıq – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir sıra mühüm mesajlar verib. Dövlət başçısı tarixi torpaqlarımız olan Zəngəzur barədə də danışıb. O, söyləyib ki, biz Zəngəzura da qayıdacağıq, amma sülh yolu ilə.

Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bunu sübut edəcək kifayət qədər fakt var. Soydaşlarımız vaxtı ilə Zəngəzurdan çıxmalı olublar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hərbi və diplomatik uğurlardan sonra kimsədə şübhə olmamalıdır ki, dövlət başçısı bu vədini də yerinə yetirəcək: biz Zəngəzura qayıdacağıq. Azərbaycanlıların gələcəkdə Zəngəzura qayıtması ilə bağlı iki əsas istiqamət var. Birincisi, nəzərə almaq lazımdır ki, biz Qarabağdakı etnik ermənilərin işğaldan azad olunmuş torpaqlarda yaşamasına qarşı deyilik. Bu barədə mövqeyimiz aydındır: etnik ermənilər vətəndaşlığımızı qəbul edəndən sonra, konstitusiyada nəzərdə tutulmuş hüquq və vəzifələrə malik şəkildə Qarabağda yaşayan bilərlər. Bu, rəsmi Bakının təklif etdiyi reinteqrasiya prosesinin əsas tərkib hissəsidir. Etnik ermənilərin Qarabağda yaşamaq hüququ var. Bununla yanaşı, vaxtı ilə bizim Zəngəzurdan çıxmağa məcbur edilmiş vətəndaşlarımız, onların övladları da eyni qaydada Zəngəzura qayıtmalıdırlar. Onların da Zəngəzurda yaşamaq hüquqları var. Bu məsələ indiyədək bir çox ekspert tərəfindən dilə gətirilib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun haqqında danışdığımız tezis barədə bir müddət əvvəl açıq – aydın səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, “güzgü prinsipi” ilə ata torpaqlarımıza qayıtmaq diplomatiyamızın prioritetidir. Əslində bu, İrəvan üçün də ən optimal variantdır.

İkinci istiqamət isə Ermənistanın otuz illik işğal dövründə bizə vurduğu maddi ziyanla bağlıdır. Ermənistan bizə maddi təzminat ödəməlidir. Bu, beynəlxalq hüquqda da təsbit olunan məsələdir. Aydın məsələdir ki, qarşı tərəfin büdcəsi bizə külli miqdarda maddi təzminat ödəməyə imkan vermir. Bu, Ermənistanın çöküşü olar. Odur ki, Ermənistan məhz maddi təzminat olaraq Zəngəzuru Azərbaycana qaytara bilər. Hərçənd bu, qarşı tərəf üçün daha ağrılı variantdır.
Ermənistan baş naziri Nikol Paşinyan reallıqları barışmalıdır. Əslində o bilir ki, Azərbaycan Zəngəzurla bağlı məqsədinə də tez-gec nail olacaq. Çünki bu, ədalətli mübarizədir. Üstəgəl, daha güc sahibi rəsmi Bakıdır. Beynəlxalq qurumların reaksiyasından asılı olmayaraq, biz bütün prioritetlərimizi reallaşdıracağıq.

Məlum olduğu kimi, hazırda Azərbaycanın əsas məqsədlərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Biz bu istiqamətlə çalışırıq. Zəngəzur dəhlizinin açılması həm də rəsmi İrəvanın xeyrinədir. Ermənistanın gah nala, gah mıxa vurmasına baxmayaraq, düşünmək olar ki, proses ilin sonuna qədər həllini tapacaq. Bu isə öz növbəsində azərbaycanlıların Zəngəzurda qayıtması perspektivini bir az da yaxınlaşdıracaq.

Onu da qeyd edək ki, sözügedən məsələ, böyük ehtimalla sülh sazişindən sonra həllini tapacaq. Çünki ehtimal edilən sülh sazişi tərəflər arasında etimad mühitini inkişaf etdirə bilər.

Kənan Novruzov, Editor.az