Zəngilanlı ziyalılar 50 il sonra yenidən bir araya gəldilər – FOTOLARbackend

Zəngilanlı ziyalılar 50 il sonra yenidən bir araya gəldilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zəngilan şəhər 1 saylı orta məktəbin məzunları 50 il sonra bir araya gəliblər. 
AZXEBER.COM xəbər verir ki, orta məktəbin 1973/74-cü tədris ilinin “a,b,v,q,d,s” sinif məzunları Zəngilanın işğaldan azad olunmasından sonra bir araya toplaşaraq şəhərin yenidənqurma prosesində aktiv iştirak etmək istədiklərini bildirblər.
Tədbirdə 50 il öncə məzun olan və hazırda bir çox istiqamətlərdə fəaliyyət göstərən əmək veteranları Zəngilanda görülən böyük quruculuq işlərindən bəhs edərək, böyük qayıdış prosesinə dəstək olduqlarını bildiriblər. Tədbirdə çıxış edənlər Zəngilanın erməni vandalizminə ən çox məruz qalan rayonlarımızdan biri olduğunu, türkçülük irsinin bu ərazilərdən silinməsi üçün düşmənin 30 ildən çox bir zamanda aktiv iş apardığını ürək yanğısı ilə dilə gətiriblər.
Rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə  yeni dövrün başladığını, dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin davamlı şəkildə icra olunduğundan bəhs ediblər. Çıxışçılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda qısa zaman ərzində yaradılan möcüzələrin hər bir vətəndaşı qürurlandırdığını söyləyiblər.
Bildirilib ki, artıq Ağalı kənd meydanında “ASAN xidmət” mərkəzi, bank xidməti, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi, iki market, poçt məntəqəsi, kafe, çayxana, ət kəsimi məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərir ki, bu da uzun illərdir xəyal edilən arzuların gerçəkləşməsidir. Bir sözlə, Ağalıda həyat qaynayır, doğma yurd-yuvasına qayıdan sakinlər həm müəssisələrdə, ictimai-iaşə obyektlərində çalışır, həm də həyətyanı sahələrdə təsərrüfatla məşğul olurlar. Bütün bunlar tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatın daha gözəl olacağını deməyə əsas verir.
Tədbirin sonunda rayon ictimaiyyətinin nümayəndələri qələbəni xalqımıza yaşadan şəhidlərimizi ehtiramla yad edərək, qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə məzunlar ölkə başçısına böyük qələbə münasibəti ilə təşəkkür edib, onu işğaldan azad edilən torpaqların fəxri vətəndaşı olduğunu bildiriblər.
Bundan sonra tədbir musiqili proqramla davam edib.