“Zeynəb Xanlarova zəng edib məni həkimlərə tapşırmışdı…”backend

“Zeynəb Xanlarova zəng edib məni həkimlərə tapşırmışdı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da çoxalıb. Yayın gəlişini ona görə səbirsizliklə gözləyirəm ki, Ülkərin yanına gedəcəyəm. Hər yay gedib 1 ay onun yanında qalıram. Antalyada yaşayır. Dənizə yaxın ərazidədir. Dənizdən çıxmırıq, günümüz suyun içində keçir. Sənət adamına mütləq şəkildə istirahət lazımdır. Vaxt tapan kimi bölgələrimizə də gedirəm. Sənətə yeni başlayanda Türkiyədə, Almaniyada qalmaq şanslarım olub, amma ölkəmi heç vaxt tərk edib getməmişəm. Özümü Bakısız təsəvvür etmirəm”.

Editor.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Sənətçi atdığı çəkilərdən də danışıb.

“Bu mənim özüməm. Əslində o sonrakı çəkini özüm qazanmışdım. Çəki problemi ən qorxduğum idi. İnsan nədən qorxursa, həmişə başına o gəlir. Gərək qorxmayasan. Pandemiyada başıma gəlməyən qalmadı. Xəstələndim, ölümdən döndüm. 19 gün reanimasiyada qaldım. Qolum sındı, atam rəhmətə getdi, ondan sonra başqa-başqa problemlər meydana gəldi. Dedim ki, “ay Allah, daha başıma heç nə gətirmə”. Ona görə də həm iynələr məni şişirtdi, həm də həkim dedi ki, “birdən pəhriz saxlayarsan, saxlama, ye”. Pəhriz da saxlamadım, qolum sındığına görə yürüyüş də edə bilmədim. 55 kilodan 107 kiloqrama qədər çatmışdım. Dəfələrlə mən 30-35 kiloqram arıqlamışam. Bunun üçün normal həyat tərzi lazımdır. Bəzən saytlar yazır ki, “Mətanət İsgəndərli depressiya yaşayır”. Depressiya sözündən heç xoşum gəlmir. Stress keçirirəm, amma depressiyaya düşmürəm. Stress keçirəndə çox yeyirdim. Yeyəndə də xoşbəxt olurdum. İndi normal yeyirəm. İndi gecə mütləq yemək yeyirəm. Xoşlayıram ki, hamı yatsın, gecə saat 2-də soyuducunu açıb, görüm ki, nə var?  Yeyəndən sonra da deyirəm ki, vay, bədbəxt etdim özümü (gülür) deyə sənətçi bildirib.

Əməkdar artist Zeynəb Xanlarovanın ona dəstəyindən də danışıb.

“Zeynəb Xanlarovanın repertuarından “Necə-necə” mahnısını yeni aranjmanda təqdim etdim. Sevə-sevə həmişə onun ifasında bu mahnını bəyənmişəm. Mənə elə gəlir ki, bu mahnıda çox qəribə bir ruh var. Bu mahnıya qulaq asanda insanın ruhu qaynayır, həyat eşqi çoxalır. Bütün mahnıları elədir. Zeynəb Xanlarova mən Moskvada xəstəxanada yatanda zəng vurmuşdu. Xəstəlikdən ayılandan sonra oğlum dedi ki, Zeynəb Xanlarova zəng etmişdi. Təsəvvür edin ki, zəng edib məni həkimlərə tapşırıb. Sənətə gələndə mənə dəstək olan insanlardan birincisi elə Zeynəb xanım olub. Yadımdadır, ilk konsertimə böyük bir gül çələngi göndərmişdi. Ulu öndərimiz Heydər Əliyev də mənə çox dəstək olub. Çox xoşbəxt insanlardanam ki, bu cür şəxsiyyətlərdən dəstək görmüşəm” deyə sənətkar bildirib.