“Dünyanin bir çox ölkələrində, eyni zamanda Azərbaycanda da qadın qətlləri və məişət zorakılığı faktları artmaqda davam edir”. Bu sözləri Editor.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

O, bildirib ki, cəmiyyətdə məişət zorakılığından danışılarkan bəzən məsələnin ciddiyyəti başa düşülmür:
“Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamalarından süni şəkildə istifadə etməklə bir şəxsin digər şəxsə qarşı törətmiş olduğu mənəvi və ya fiziki zorakılıqdır. Məişət zorakılığı fiziki, cinsi, mənəvi-psixoloji və ya iqtisadi xarakterli məhdudiyyətlərin tətbiqi olmaqla 4 növə ayrılır. Ölkəmizdə ən çox mənəvi-psixoloji və fiziki zorakılıq hallarına rast gəlinir. Son zamanlarda ölkəmizdə məişət zorakılığı hallarının artmasının bir neçə səbəbi var: qadınların sərbəstlik tələbləri, sosial rifahın aşağı olması , işsizlik, yaxın qohumların ailədaxili münasibətlərə müdaxiləsi, ailə fərdləri arasında anlaşılmazlıqlar, adət-ənənələr, mənfi streotiplər və digər səbəblər. Bununla əlaqədar 2010-cu ildə “məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edildi. Qanunun qəbulundan sonra 2011-2012-ci illərdə qanunun icra mexanizmləri müəyyən edildi. Lakin bəzən qəbul edilmiş normativ hüquqi aktlara baxmayaraq bir çox vətəndaşlar məişət zorakılığı faktları ilə qarşılaşdıqda hara müraciət etməli olduqlarını bilmirlər. Bununla bağlı vətəndaşlar arasında aparılan sorğu zamanı məlum olub ki, suala cavab verən respondentlərin 43.62 faizi hüquq mühafizə orqanlarına, 31.38 faizi Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinə, digər 35.20 faizi isə ümumiyyətlə, hansı quruma müraciət edəcəyini bilmir”.
Rahil Süleymanzadə qeyd edib ki, 2015-ci ildə Azərbaycan rayon icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradıldı:
“Cinayət tərkibi olmayan baş vermiş istənilən məişət zorakılığı faktları ilə bağlı məsələlər ilk olaraq sözügedən monitorinq nəzarət qruplarında araşdırılır. Lakin əməldə cinayət tərkibi varsa o zaman hüquq mühafizə orqanları işə baxır. KİV-də və sosial şəbəkələrdə məişət zorakılığı faktları ilə bağlı yayılan məlumatlar dəhşətlidir. Məsələn, zorakılığa məruz qalan qadın şikayət edir və şikayətdən bir neçə saat sonra artıq onun ailəsi tərəfindən daha çox təzyiqlərə məruz qalmasının və ya öldürüldüyünün şahidi oluruq. Bu gün ölkədə dövlət sığınacaq müəssisələrinin olmaması bu kimi halların artmasına səbəb olur. Bu məsələ “məişət zorakılığı”haqqında qanunun icra mexanizmində nəzərdə tutulub və yaxın zamanda bu istiqamətdə ciddi şəkildə tədbirlər görüləcək”.
Onun sözlərinə görə ölkədə məişət zorakılığı hallarının qarşısının alınması məsələsində geniş şəkildə ictimai qınaq formalaşdırılmalı, eyni zamanda vətəndaş cəmiyyəti institutları da bu istiqamətdə daha aktiv şəkildə fəaliyyət göstərməlidir:
“Vətəndaşlar bilməlidir ki, istənilən baş vermiş zorakılıq faktları ilə bağlı rayon icra hakimiyyətlərində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarına, hüquq mühafizə orqanlarına, eyni zamanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət edə bilərlər. Qısa müddət ərzində həmin müraciətlərə baxılır və dərhal qərar qəbul edilir”.
//Gülnarə Abasova, Editor.az

