Züqanovdan “növbədə Rusiyadır” bəyanatı – Azərbaycana risklərbackend

Züqanovdan “növbədə Rusiyadır” bəyanatı – Azərbaycana risklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq deyir ki, şimal qonşumuzun daha sərt qarşıdurmaya cəlb edilməsi Cənubi Qafqaz üçün ciddi təhlükələr yarada bilər

Rusiyada Kommunist Partiyasının lideri Gennadi Züqanov Yaxın Şərqdəki müharibənin gələcəkdə Rusiyaya da təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ-nin strategiyasında əsas rəqiblər siyahısında ilk yerdə Çin, ikinci Rusiya, üçüncü isə İrandır. Hazırda “yaşamaq uğrunda döyüşən” ölkə İrandır və gələcəkdə növbənin Rusiyaya çatması ehtimalı yüksəkdir. Bu çıxış Züqanovun Yaxın Şərqdən qaynaqlanan qlobal risklər və Rusiyanın strateji vəziyyəti barədə dərin narahatlığını əks etdirir.

Rusiyanın qorxusunu bir neçə əsas amillə izah etmək olar. Əvvəla, qlobal hərbi strateji balansın pozulması ABŞ və onun müttəfiqləri Yaxın Şərqdə hərbi əməliyyatları uğursuz nəticələndirsələr belə, regionda destabilizasiya böyük dövlətlərə də dolayısı ilə təsir edir. Bu isə Rusiyanın strateji maraqları üçün risk yaradır, çünki qeyri-müəyyən münaqişələr hər an onun regional nüfuzuna və təhlükəsizliyinə təsir edə bilər.

Züqanovun qeyd etdiyi kimi, ABŞ-nin strategiyasında Rusiya ikinci sırada dayanır, bu isə Moskvanın həm siyasi, həm də hərbi baxımdan diqqətli olmasını zəruri edir. Yaxın Şərqdəki münaqişələr təkcə həmin regionla məhdudlaşmır. Bu münaqişələr enerji bazarlarını, beynəlxalq ticarət yollarına və qlobal təhlükəsizlik arxitekturasına ciddi şəkildə təsir edir. Rusiya həm enerji ixracatçısı, həm də regional və qlobal güc olaraq, bu təsirlərdən dolayı potensial risklərlə üzləşir. Məsələn, neft və qaz bazarlarındakı dalğalanmalar Moskvanın iqtisadi və strateji planlarına birbaşa təsir edir.

Qısacası, Züqanovun sözləri Rusiyanın qorxusunu yalnız hərbi və geosiyasi rəqabət kontekstində izah etmir. Eyni zamanda ABŞ və digər qlobal aktorların planlarının qeyri-müəyyən və potensial təhlükəli ola biləcəyini göstərir. Bu, Moskvanın “özünü qoruma” strategiyasını gücləndirməsi, diplomatik və hərbi hazırlığını artırması, həmçinin regional və qlobal riskləri diqqətlə qiymətləndirməsi zərurətini vurğulayır. Rusiyanın hədəfdə olması Azərbaycan kontekstində baxsaq, region üçün ciddi risklər yaradır.

CROSSMEDIA - PROSES BAŞLADI:Ermənistan Azərbaycanın tələbilə bunu da edir

Azad Məsiyev 

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirib ki,  Züqanovun səsləndirdiyi bu fikir həqiqəti əks etdirməklə yanaşı, daha çox siyasi ritorika və geosiyasi xəbərdarlıq xarakteri daşıyır: “ABŞ-nin hədəfində olan ölkələrdən birinin Rusiya olduğu məlumdur. ABŞ Rusiyanı Ukrayna müharibəsinə cəlb etdi və 4 ildə aydın oldu ki, bu yolla onları sıradan çıxarmaq mümkün olmadı. İndi isə Yaxın Şərqdə, İranda müharibə ocağı qalayıb Rusiyanı da bu ocağa cəlb etmək istəyirlər. ABŞ Rusiya ilə yaxşı əlaqələrə malik bütün region dövlətlərini hədəfə almaqla həm də Rusiyaya qarşı qarşısına qoyduğu siyasəti mərhələ-mərhələ həyata keçirməyə çalışır. Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq bu siyasətin əsas həlqələrindəndir. Rusiyanı Yaxın Şərq müharibəsinə cəlb etmək ssenarisi mövcuddur. Rusiyanın daha sərt qarşıdurma mühitinə daxil olması nəzəri olaraq Cənubi Qafqaz üçün, o cümlədən Azərbaycan üçün müəyyən risklər yarada bilər. Region üçün ümumi risklər geosiyasi gərginliyin artmasıdır. Əgər ABŞ-Rusiya qarşıdurması daha da dərinləşərsə, Cənubi Qafqaz böyük güclərin rəqabət meydanına çevrilə bilər. Regionda siyasi təzyiqlər və təsir uğrunda mübarizə daha da təhlükəli həddə çatar. Bu isə balans siyasəti yürüdən ölkələr üçün manevr imkanlarını daralda bilər”.

Rusiyanın regionda əsas təhlükəsizlik oyunçularından biri olduğunu qeyd edən politoloqun fikrincə, onun zəifləməsi və ya diqqətinin başqa cəbhələrə yönəlməsi mövcud təhlükəsizlik mexanizmlərini zəiflədə, regional münaqişələrin yenidən aktivləşməsi riskini artıra bilər: “Eyni zamanda regionda yeni bloklaşmalar yarana bilər ki, bu da Cənubi Qafqazda əlavə gərginlik ocaqları yaradar. Azərbaycan uzun illərdir dövlət və milli maraqlarını əsas götürərək müstəqil balanslı xarici siyasət aparır. Rusiya, Qərb və regional güclərlə paralel münasibətlər saxlayır. Rusiya-Qərb qarşıdurması dərinləşərsə, Bakıdan daha açıq mövqe tələb oluna bilər. Bu isə diplomatik manevr imkanlarımızı məhdudlaşdıra bilər”.

Azərbaycanın enerji ixracatçısı olduğunu xatırladan ekspert qeyd etdi ki, böyük güclər arasında gərginlik enerji bazarlarında qiymət dalğalanmaları yaradır. Risklərdən biri də bu amildir: “Bu vəziyyət yeni bazar imkanları və gəlirlərin artmasını təmin etsə də riskləri də artırır. Məsələn, regionda qeyri-sabitlik investisiya mühitinə mənfi təsir edə bilər.  Zəngəzur dəhlizi və digər regional marşrutlar böyük güclərin rəqabətindən təsirlənə bilər, layihələrin gecikməsi və ya siyasiləşməsi mümkündür. Regionda gərginlik silahlanma yarışını da sürətləndirir”.