ABŞ-İran müharibəsi 38 gün davam etdi və Pakistanın baş nazirinin təşəbbüsü ilə ABŞ tərəfindən atəşkəs elan olundu. 14 gün ərzində tərəflər arasında danışıqlar olacağı elan edildi. Müharibə birdəfəlik bitdi sayıla bilərmi? Hər iki tərəf müharibədən özünün qalib çıxdığını iddia edir. İran küçələrində qələbə şənlikləri belə keçirilir. 38 günlük müharibədə kim qalib gəldi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, bu müharibədə qalib yoxdur:
“İranın mühüm hərbi obyektləri, sənaye obyektləri, körpüləri dağıdılıb, ali dini lider, generallar öldürülüb. Bircə hakim rejim ayaqda qalıb. Belə vəziyyətdə qalibiyyətdən söhbət gedə bilməz. ABŞ və İsrailin də qalib olduğunu söyləmək mümkün deyil. Düzdür, İrana böyük zərbələr vurdular, bəlkə də İranın uranı zənginləşdirməsini 10 il geri saldılar, raket istehsalını geri saldılar, iqtisadiyyatına ciddi zərər vurdular. Bu zərərləri bərpa etmək üçün İrana on illiklər lazım gələcək. Amma ABŞ və İsrail bütün bu zərbələrə rəğmən İranda rejimi dəyişə bilmədilər. Rejim gələcəkdə uranı zənginləşdirə bilər, ballistik raket istehsalını artırması mümkündür. Belə bir vəziyyət ortada qaldığı bir vaxtda təbii ki, ABŞ-nin və İsrailin də qələbəsindən söz etmək olmaz”.
Elxan Şahinoğlu deyib ki, müharibənin birdəfəlik bitdiyini söyləmək də çətindir:
“Çünki keçən ilin iyununda əslində ABŞ və İsrail “panderanın qutusunu” açdılar İrana zərbə vurdular, 6 ay sonra yenidən müharibəyə başladılar. İstisna olmaz ki, bir müddət sonra Amerika və İsrail İran rejimini nədəsə ittiham edərək yenidən raket zərbələri endirəcək. Yəni müharibənin tam bitdiyini söyləmək olmaz. Sanki bir fasilə götürülür”.

