İsrail ordusunun Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları bölgədə gərginliyi pik həddə çatdırıb.
Musavat.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) atəşkəs rejiminin elan olunmasına baxmayaraq, İran səmasında İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini bəyan edib.
Eyni zamanda, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Möhsün Rezayi İsrailin Livana hücumundan sonra Hörmüz boğazının bağlanmasına çağırıb.
O bildirib ki, Livanın atəşkəs razılaşmasına daxil ediləcəyinə dair təminat alınana qədər boğazın açılması planları dərhal dayandırılmalıdır:
“Hizbullah”dakı qardaşlarımız bizimlə çiyin-çiyə vuruşublar, bu yol uğrunda canlarından keçiblər. Atəşkəs ya bütün cəbhələrdə olmalı, ya da ümumiyyətlə olmamalıdır”, – deyə Rezayi vurğulayib.
“Fars” xəbər agentliyinin məlumatına görə, rəsmi Tehran hazırda İsrailin hərbi obyektlərinə qarşı “çəkindirici əməliyyat” keçirmək imkanlarını nəzərdən keçirir.
Livan tərəfi İsrailin son zərbələri nəticəsində 300-dən çox insanın öldüyünü və ya yaralandığını bildirir. “IRIB” agentliyinin məlumatına görə, İsrailə məxsus 50 qırıcı cəmi bir dəqiqə ərzində Livanın müxtəlif nöqtələrinə 160 bomba yağdırıb.
Livanın Baş naziri Navaf Salam beynəlxalq birliyə müraciət edərək, İsrailin sıx məskunlaşmış əraziləri hədəf aldığını və dinc sakinlərin qətlə yetirildiyini bildirib. O, hücumların dayandırılması üçün digər ölkələrdən təcili yardım istəyib.
Hazırda Livanın Səhiyyə Nazirliyi onlarla ölü və yüzlərlə yaralı barədə məlumat yayır. Livan Qızıl Aypara Cəmiyyətinin 100-dən çox təcili yardım maşını yaralıların xəstəxanalara daşınması ilə məşğuldur, xilasedicilər isə dağıntılar altında qalanları çıxarmağa çalışırlar.


