Son dövrlər Rusiya rəsmilərinin açıqlamalarında Qarabağ mövzusunun yenidən qabardılması regionda formalaşmış yeni reallıqlar fonunda diqqət çəkir. Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyinə baxmayaraq, mövzunun Moskvanın siyasi ritorikasında saxlanılması müxtəlif suallar doğurur və bunun arxasında dayanan səbəblərin təhlilini aktuallaşdırır.
Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Kremlin artıq həllini tapmış Qarabağ məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdləri müəyyən mənada anlaşılandır:

“Rusiyanın bu yanaşması Azərbaycan üçün qətiyyən məqbul deyil. Lakin təəssüf ki, Rusiya rəsmiləri hələ də bu mövzunun Azərbaycanla münasibətlərdə aktual saxlanmasının problemlər yaratdığını tam dərk etmirlər. Qarabağ məsələsi birdəfəlik və geri dönməz şəkildə həll olunub.
Bu kontekstdə Rusiya üçün həssas məqamlar mövcuddur. Moskvada Putinlə Paşinyan arasında keçirilən görüş zamanı Paşinyanın səsləndirdiyi fikirlər Putini ciddi şəkildə qıcıqlandırdı. Çünki faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması Rusiyanın region siyasətinə ciddi zərbə vurdu.
2022-ci ildə Praqada Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Moskvanın uzunmüddətli planlarını sarsıtdı. Həmin bəyanatdan sonra Putin bunun onlar üçün gözlənilməz olduğunu açıq şəkildə ifadə etmişdi. O bildirmişdi ki, Rusiya Qarabağ probleminin mərhələli həllini nəzərdə tuturdu: əvvəlcə işğal altındakı yeddi rayondan beşinin qaytarılması, qalan iki rayonun taleyinin isə gələcəkdə Qarabağın statusu ilə bağlı məsələlərlə birlikdə həll edilməsi planlaşdırılırdı.
Bu isə onu göstərir ki, Putin problemin hazırkı kimi qəti şəkildə həll olunmasını istəmirdi. Paşinyan isə nəzərə aldı ki, Qarabağ məsələsindən uzun illər Kreml həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edib. Bu səbəbdən o, Kremlin bu alətini sıradan çıxarmaq üçün daha real və düzgün addım ataraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.
Bu qərar Rusiyanın bölgədə uzun illər davam edən və gələcəkdə də davam etdirmək istədiyi planlarını faktiki olaraq alt-üst etdi. Məhz buna görə də Kreml bu məsələyə həssas yanaşır və onu gündəmdən çıxarmaq istəmir”.
Onun sözlərinə görə, Qarabağdan erməni əhalisinin köçməsindən sonra belə Moskva müxtəlif humanitar və mədəni platformalar vasitəsilə bölgəyə təsir imkanlarını qorumağa çalışır:
“Bu isə onu göstərir ki, Kreml gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün imkanlar axtarır. Onlar problemin tam həllindən daha çox, onun dondurulmuş vəziyyətdə qalmasında maraqlıdırlar.
Lakin reallıq ondan ibarətdir ki, Qarabağ məsələsi artıq bütün sağlam düşüncəli və uzaqgörən dairələr üçün qəti şəkildə həll olunmuş sayılır. Bu mövzunun hansı formada və nə vaxt gündəmə gətirilməsindən asılı olmayaraq, regionda formalaşmış mövcud reallıqları dəyişmək mümkün deyil”.
//Gülnarə Abasova, Editor.az

