Bu günlərdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə yeni direktor təyinatının ediləcəyi gözlənilir. Məlumata görə, Agentliyin hazırkı direktoru Eşqi Bağırov isə vəzifədən kənarlaşdırılacaq.
Bu səbəbdən də quruma yeni rəhbərin təyin olunması uğrunda ciddi mübarizə başlayıb.
İddialara əsasən, bu post uğrunda mübarizə aparan şəxslərdən biri Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.
Bildirilir ki, böyük maddi imkanlara malik olan İlhamə Abdullayeva bu vəzifəyə təyin olunmaq üçün fəal şəkildə çalışır. İlhamə Abdullayevanın bu istiqamətdə “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri, dayısı Xəlil Göyüşov tərəfindən də dəstək aldığı deyilir.
Bununla belə, Elm və Təhsil Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, nazir Emin Əmrullayev isə bu vəzifəyə İlhamə Abdullayevanı deyil, tamamilə başqa bir şəxsi təyin etməyi planlaşdırır.
Qeyd edək ki, zaman-zaman İlhamə Abdullayeva ilə bağlı mediada müxtəlif iddialar yer alıb. Onun adı müxtəlif qalmaqallar, biznes fəaliyyəti, həmçinin Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrindəki narazılıqlar və çatışmazlıqlarla hallandırılıb. Eyni zamanda, mediada onun gözəllik salonları biznesinə sahib olduğu barədə də məlumatlar yayılıb.
Xatırladaq ki, bu günlərdə məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2.000 manat məbləğində cərimə olunub.
Bizimesr.az

