Alkoqolun orqanizmdə iltihabi proseslərə səbəb ola biləcəyi və bağırsaq ilə beyin arasındakı əlaqəni pozaraq nəticədə əhval-ruhiyyəyə, koqnitiv funksiyalara və narahatlıq səviyyəsinə təsir göstərə biləcəyi açıqlanıb.
Editor.az xəbər verir ki, bu barədə London İmperial Kollecində neyropsixofarmakologiya sahəsində çalışan alim Zəfər “The Guardian” qəzetinə verdiyi müsahibədə danışıb.
Mütəxəssisin sözlərinə görə, alkoqolun beyin üzərində təsiri mürəkkəbdir və müxtəlif neyrotransmitterlərin fəaliyyətini dəyişir. O, özünənəzarəti zəiflətdiyi halda, eyni zamanda rahatlama və həzz hissini artırır. Bu səbəbdən bir çox insan alkoqolu stressi azaltmaq vasitəsi kimi qəbul edir.
Lakin bu dəyişikliklərlə yanaşı, daha az nəzərə çarpan fizioloji təsirlər də mövcuddur. Alim qeyd edib ki, alkoqol bağırsaq keçiriciliyini artıraraq iltihabi proseslərə səbəb ola bilər. Bu isə həzm və sinir sistemləri arasında qarşılıqlı əlaqəni təmin edən, emosiyaların və davranışın tənzimlənməsində mühüm rol oynayan bağırsaq-beyin oxunun pozulmasına gətirib çıxarır.
Bundan əlavə, alkoqol stress hormonu olan kortizolun səviyyəsini yüksəldir. Bu isə narahatlığın artmasına, yuxu pozuntularına və ümumi emosional gərginliyə səbəb ola bilər.
Zəfərin fikrincə, bu mexanizmlərin başa düşülməsi alkoqol istehlakına daha şüurlu yanaşma baxımından böyük əhəmiyyət kəsb edir. Qısa müddətdə rahatlıq hissi yaratsa da, uzunmüddətli perspektivdə bu proseslər beyin funksiyalarına və emosional rifaha mənfi təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az

