İranın cavabı sərt ola bilər: Körfəzdə vəziyyət nəzarətdən çıxırbackend

İranın cavabı sərt ola bilər: Körfəzdə vəziyyət nəzarətdən çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ətrafında baş verən proseslər qlobal enerji təhlükəsizliyi ilə yanaşı, region ölkələrinin siyasi və hərbi balansına da ciddi təsir göstərir. Mövcud vəziyyətin necə inkişaf edəcəyi və mümkün risklər beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Trampın Hörmüz boğazında blokada tətbiq etməsi münaqişənin gedişində yalnız əlavə gərginlik yaradır:

“Blokada bu problemin həlli yolu deyil. Əslində bu addım müharibənin fərqli formada davam etdirilməsi deməkdir. Hər kəsə məlumdur ki, hazırda İran–ABŞ qarşıdurmasının hərbi müstəvidə həlli mümkün deyil. Bu istiqamətdə atılan addımlar yalnız daha ağır və uzunmüddətli dağıntılara səbəb ola bilər. Ona görə də artıq tətbiqinə başlanmış blokada gərginliyi daha da artırır.

Digər tərəfdən, bu blokadanın tam şəkildə effektiv olması da real görünmür. Dəniz daşımaları sahəsində müəyyən məlumatı olanlar yaxşı bilirlər ki, gəmilərin limanlara giriş-çıxışına tam nəzarət etmək texniki baxımdan son dərəcə çətindir. Xüsusilə İran və Oman körfəzləri kimi mürəkkəb coğrafi şəraitdə bunu tam şəkildə təmin etmək mümkün deyil. Müasir texnologiyalar vasitəsilə gəmilərin siqnal tezliklərini dəyişməklə onların hərəkət marşrutlarını izləməyi çətinləşdirən imkanlar mövcuddur.

Elə bu səbəbdən də artıq Hörmüz boğazında bəzi gəmilərin blokadanı aşaraq neft daşımalarını davam etdirdiyinə dair məlumatlar yayılıb. Bu fakt göstərir ki, blokada nə ABŞ-ın gözləntilərini doğruldur, nə də vəziyyəti sabitləşdirir, əksinə, gərginliyi daha təhlükəli həddə çatdırır.

Bu baxımdan blokadanı münaqişənin davamı kimi qiymətləndirsək, İranın körfəz ölkələrinə qarşı yenidən hərbi addımlar atması ehtimalı istisna deyil. Eyni zamanda, Trampın ziddiyyətli bəyanatlarına baxmayaraq, ABŞ-ın da hərbi əməliyyatları yenidən genişləndirməsi mümkündür. Burada söhbət aviasiya və raket zərbələri ilə müşayiət olunan aktiv hərbi mərhələdən gedir. Bununla belə, müəyyən çəkindirici amil kimi körfəz ölkələrinin mövqeyi çıxış edə bilər”.

Ekspertin sözlərinə görə, körfəz ölkələrinin blokadaya münasibəti vəziyyətin inkişafına ciddi təsir göstərə bilər:

“Əgər bu ölkələr Trampın blokadaya son qoyması istiqamətində açıq mövqe nümayiş etdirsələr, müəyyən dəyişikliklər baş verə bilər. Çünki Hörmüz boğazının bağlı qalması ilk növbədə məhz körfəz ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. Bu dövlətlərin iqtisadiyyatı böyük ölçüdə neft ixracından asılıdır və idxaldan ciddi şəkildə asılı vəziyyətdədir.

Eyni zamanda, Səudiyyə Ərəbistanının artıq blokadanın dayandırılması ilə bağlı ABŞ qarşısında müəyyən tələblər irəli sürdüyünə dair təsdiqlənməmiş məlumatlar da mövcuddur. Bu məlumatların dəqiqliyi mübahisəli olsa da, bir məqam aydındır: körfəz ölkələrinin mövcud vəziyyətə uzun müddət səssiz qalması real görünmür.

Nəticə etibarilə, bütün ssenarilər açıq qalır – həm hərbi əməliyyatların yenidən genişlənməsi, həm də İranın körfəz ölkələrinə qarşı mümkün yeni zərbələri ehtimal daxilindədir. Mövcud münaqişə həllini tapmadığı müddətdə regionda risklərin artması davam edəcək”.