Ermənistanda bəzi politoloqlar yenidən qərəzli və manipulyativ iddialarla çıxış edir.
Azərbaycana qarşı qərəzli mövqeyi və açıq revanşist yanaşması ilə tanınan erməni politoloq Benyamin Matevosyan Paşinyanın Moskva səfəri ilə bağlı çıxış edərək Kremlin mövqeyinə uyğun tezislər səsləndirib.
O iddia edib ki, Ermənistanın hazırkı xarici siyasət kursu davam edərsə, Rusiya ilə münasibətlər həm hərbi, həm də iqtisadi sahədə kəskin şəkildə pisləşə bilər. Matevosyan bu çərçivədə Ermənistanın Rusiya bazarını itirəcəyini, qaz qiymətlərinin ciddi şəkildə artacağını və digər iqtisadi problemlərlə üzləşəcəyini irəli sürüb.
Politoloq çıxışında xüsusilə Azərbaycanla bağlı təxribatçı və əsassız ssenarilər səsləndirib. O, guya Ermənistanın alternativ enerji mənbələri axtarışının gələcəkdə ölkəni Azərbaycandan asılı vəziyyətə sala biləcəyini iddia edib və bu kontekstdə müxtəlif qorxu xarakterli fərziyyələr irəli sürüb.
Matevosyan bildirib ki, Azərbaycanın Ermənistana qaz satması Bakıya əlavə təzyiq rıçaqları verə bilər. Yəni onun yanaşmasına görə iki ölkə arasında normal ticarət münasibətləri belə təzyiq vasitəsi kimi təqdim olunur.
Qeyd edək ki, Matevosyan uzun müddətdir Rusiyaya yaxın mövqeyi ilə seçilir və tez-tez regionda gərginliyi artıran, Azərbaycan əleyhinə yönəlmiş revanşist ritorika ilə çıxış edir. Bu baxımdan onun səsləndirdiyi fikirlər daha çox siyasi təbliğat və manipulyasiya elementi kimi qiymətləndirilir.
Musavat.com

