Rusiya KTMT-yə sədrliyi çərçivəsində KTMT Kollektiv Qüvvələrinin döyüş potensialının artırılmasına diqqət yetirmək niyyətindədir.
Bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov Minskdə baş katib Taatbek Masadıkovla görüşündə bildirib. Rusiyanın Belarusdakı səfirliyinin veb saytında dərc olunmuş açıqlamada bildirilir ki, tərəflər KTMT daxilində əməkdaşlığın cari aspektlərini ətraflı müzakirə ediblər. Əsas diqqət müttəfiqlik əlaqələrinin gücləndirilməsinə və kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə, eləcə də Avrasiyada yeni çağırış və təhdidlərə qarşı hərtərəfli mübarizəyə yönəlib. “Rusiyanın təşkilata 2026-cı ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi üçün işlərin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. KTMT-nin Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və regiondakı maraqlı dövlətlərlə və konstruktiv düşüncəli beynəlxalq təşkilatlarla praktik əməkdaşlığın dərinləşdirilməsindəki roluna xüsusi diqqət yetirilib.” – Rusiya səfirliyindən xəbər verilir.
Qrızlov Moskvanın sədrliyi dövründə KTMT daxilində əməkdaşlığın əsas sahələrinin inkişafında davamlılığı qoruyub saxlayacağını vurğulayıb. “Mövcud və potensial çağırışların xarakterinə uyğun olaraq və müasir silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla KTMT Kollektiv Qüvvələrinin döyüş potensialının artırılmasına diqqət yetirilməsi planlaşdırılır. Bioloji təhdidlərə qarşı müdafiə, eləcə də informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirəcəyik.” – Rusiya diplomatik missiyasının rəhbəri deyib.
//Samir Qurbanov, Editor.az

