Bu gün – aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək tarixi ABŞ-İran danışıqları keçirilməlidir.
Musavat.com xəbər verir ki, tərəfləri təmsil edəcək heyətin tərkibi bir gün öncədən açıqlanıb. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibafın başçılıq edəcəyi, onunla bərabər xarici işlər naziri Abbas Əraqçi və Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Bağır Zolqədrin də danışıqlara qatılacağı İran tərəfindən açıqlanmışdı. ABŞ tərəfindən danışıqlar masasında vitse-prezident Ceyms Di Vensin, həmçinin prezidentin xüsusi elçisi Stiv Uitkoff və Yaxın Şərq üzrə təcrübəli diplomatik gedişləri ilə tanınan sahibkar Cared Kuşnerin əyləşəcəyi elan olunub.

Danışıqların 2026-cı ilin ən böyük diplomatik hadisəsi və Yaxın Şərqdə genişmiqyaslı müharibənin rəsmən bitmə nöqtəsi ola biləcəyi dünya mediasında vurğulansa da, bu gün bəlli oldu ki, İran nümayəndə heyəti İslamabada getməyib. Səbəb kimi isə İsrailin Livana hücumlarının davam etməsi göstərilib. İran Vaşinqton qarşısında Livandakı İsrail qüvvələrinin hərbi əməliyyatların dayandırılması ilə bağlı vədlərini yerinə yetirmək şərtini qoyub. Bəyan edilib ki, bu vəd yerinə yetirilməyincə İran tərəfi danışıqlara getməyəcək.
Danışıqlar başlamadan bitdi sayıla bilərmi? ABŞ şərti yerinə yetirəcəkmi? İsraili razı salmaq mümkün olacaqmı?
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, İranın İslamabad danışıqlarına qatılmaması və Livana hücumların dayandırılmasını şərt kimi irəli sürməsi klassik taktiki gedişdir. “İran bununla danışıqların gündəliyini dəyişmək və məsələni yalnız öz nüvə və ya regional fəaliyyətləri ilə məhdudlaşdırmamaq istəyir. Bu, həm də Hizbullah üzərindən dolayı təsir imkanlarını qorumağa hesablanıb”,_ deyə ekspert belə şərh edib. Onun sözlərinə görə, danışıqlar başlamadan birdəfəlik bitdi sayıla bilməz: “Diplomatiyada bu, “pozulmuş start” və ya “şərtli bloklama” kimi qiymətləndirilir. Yəni tərəflər masadan qalxmayıblar, sadəcə, biri ilkin şərt qoyaraq prosesi ləngidir. Bu, gələcək sövdələşmə üçün təzyiq alətidir. İran şərt qoyaraq oyun qaydalarını dəyişmək istəyir, ABŞ isə prosesi tam dağılmağa qoymadan kompromis formul axtaracaq”.

Politoloqun fikrincə, ABŞ üçün İranın Livan şərtini dərhal qəbul etmək çətindir: “Çünki Livandakı vəziyyət birbaşa Vaşinqtonun nəzarətində deyil. Üstəlik, ABŞ regionda balans siyasəti yürüdür. Həm eskalasiyanın qarşısını almaq, həm də müttəfiqlərinin təhlükəsizliyini təmin etmək. Buna görə ABŞ maksimum halda “gərginliyin azaldılması” kimi daha yumşaq formul təklif edə bilər, amma İranın istədiyi kimi açıq “hücumların dayandırılması öhdəliyi” götürməsi real görünmür. İsraili razı sala bilməsi isə ən çətin hissədir. Çünki İsrail öz təhlükəsizlik maraqlarını prioritet sayır və xüsusilə Livan istiqamətində Hizbullah faktorunu ciddi təhdid kimi görür. Vaşinqtonun Təl-Əvivə təsir imkanları var, amma bu təsir hüdudsuz deyil. Əgər İsrail hesab etsə ki, təhlükə qalır, o zaman əməliyyatları dayandırmaq üçün kənar təzyiqə asan tam tabe olmayacaq”.

