Yağlı qidaların gizli təhlükələri üzə çıxdıbackend

Yağlı qidaların gizli təhlükələri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harvard Tibb Fakültəsinin tədqiqatçıları qısa müddət belə yağlı qidaların istehlakının bağırsaq immun sistemini sürətlə zəiflədə biləcəyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, nəticələr Immunity jurnalında yayımlanıb.

Siçanlar üzərində aparılan eksperimentlərdə alimlər aşkar ediblər ki, yüksək yağlı pəhriz ilk bir neçə gün ərzində bağırsaqlardakı ILC3 immun hüceyrələrinin sayını azaldır. Bu hüceyrələr selik təbəqəsini qorumaqda kritik rol oynayır: bağırsaq baryerinin bütövlüyünü təmin edir və iltihabın qarşısını alır.

Hüceyrələrin sayında azalma ilə birlikdə bağırsaq keçiriciliyində artım və iltihab proseslərinin sürətlənməsi müşahidə olunub. Analizlər göstərib ki, bağırsaq mikrobiyotasının tərkibindəki dəyişikliklər və bunun nəticəsində yaranan iltihab siqnalları bu mexanizmlərdə əsas rol oynayır.

Bu təsirlər altında immun hüceyrələri yağ turşularını düzgün şəkildə emal edə bilmir. Nəticədə hüceyrələrin enerji istehsal edən orqanelləri olan mitoxondri zədələnir və nəhayət, ILC3 hüceyrələri ölür. Digər immun hüceyrə növləri isə bu dəyişikliklərə nisbətən əhəmiyyətli dərəcədə daha az həssasdır.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu təsir geri çevrilə bilər. Kemirgenlərin pəhrizindən artıq yağ çıxarıldıqdan sonra ILC3 hüceyrələrinin ölümü dayanıb və bağırsaq immun müdafiəsi bərpa olunmağa başlayıb. Alimlər əvvəllər obez insanlarda yağ turşularının oksidativ metabolizmində oxşar pozğunluqlar müşahidə etmişdilər.

Tədqiqatçılara görə, bu nəticələr iltihablı və metabolik xəstəliklərin erkən mexanizmlərini daha yaxşı başa düşməyə kömək edir və qidalanmanın immun sisteminin fəaliyyətinə nə qədər sürətlə təsir edə biləcəyini göstərir.

//Gülnarə Abasova, Editor.az