Ər-Riyadda yerləşən bir sıra Qərb və Səudiyyə şirkətlərinin rəhbərləri ABŞ Prezidenti Donald Trampın İranda yaxın vaxtlarda baş verə biləcək “apokalipsis” xəbərdarlığı fonunda əməkdaşlara həftənin sonunadək ofislərə qayıtmamağı tövsiyə edib.
Oxu.Az bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi şirkətlərin rəhbərləri əməkdaşlar üçün məsafədən iş rejimini uzatmaq qərarına gəliblər. Həmin şirkətlərin ofisləri Ər-Riyaddakı Kral Abdulla adına Maliyyə Rayonunda yerləşir.
Bu ərazidə həmçinin ABŞ-nin texnologiya nəhəngləri olan “Apple” və “Microsoft” şirkətlərinin ofisləri fəaliyyət göstərir. Elə burada bir sıra iri Yaxın Şərq təşkilatları, o cümlədən Səudiyyə Ərəbistanının suveren fondu – Dövlət İnvestisiya Fondu (PIF) da yerləşir.
Mənbələr konkret hansı şirkətlərin bu qərarı qəbul etdiyini açıqlamayıb.

