Zelenski “istefa verirəm” deyərsə… – FOTObackend

Zelenski “istefa verirəm” deyərsə… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyətində “çatlaq səslər” artır-bu dəfə prezidentin daha yaxın bir adamı faktlar açıqladı; Qərb ya Kiyevə elə bir silahlar verməlidir ki, Rusiya ordusunu külli-küf etsin, ya da…

Ukrayna hakimiyyətində “çatlaq səslər” artmaqdadır. Gözlənilən idi, hətta bir az da yubanmış kimi görünür. Müharibədə məğlubiyyətin acısını çəkən Azərbaycanda bir-birinin ardınca aşan hakimiyyətlərə şahidlik etmişik, bəzi siyasətçilər bu prosesdə hətta fəal rol da alıb. Məğlubiyyətə görə prezidentdən hesab sorulduğu haqda materiallar telekanalların arxivində qalmaqdadır. Zelenski üçün də belə bir zaman mütləq gələcək, indi deyilsə, proseslər onu göstərir ki,  bu hadisə yaxındadır.

b76b0d460be875e0789e51666e877625.jpg (396 KB)

Ukrayna Silahlı Qüvvələri Ali Baş Komandanı Valeri Zalujnının “The Economist”ə müsahibəsində Ukraynanın cəbhədəki ağır vəziyyətininin təhlili qarışıq suallar yaratmışdı. Prezident Zelenski isə buna cavab olaraq onu siyasətlə məşğul olmamağa çağırdı və bununla da tabeliyindəki generalın açıqlamalarında  narazılığını gizlətmədi. Zelenski hətta dedi ki, müharibə zamanı ordu siyasətlə məşğul ola bilməz, çünki bu, milli birliyə gətirib çıxarmır. Amma belə görünür ki, artıq Zelenski hakimiyyətdəkilərin ağzını “müharibədir” deyib yuma bilməyəcək. Bu prosesin arxasında əlbəttə ki, Qərb dayanır.   Onlara belə müsahibələr lazımdır ki, Zelenski “monolit hakimiyyətə” rəhbərlik etməsi, özünün isə əvəzedilməz olması ilə öyünməsin, kobud desək, daha “yerini bilsin”.  Qərb onun pul kisəsindən asılı hakimiyyətlə necə davranmaq gərək olduğunu yaxşı bilir.

Ali Radada hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın Ukraya hakimiyyətinin səhvləri haqda danışması da “göydəndüşmə” deyil.   Üstəlik, Araxamiya hakimiyyətdə ən məlumatlı adamlardan biri sayılır və onun “Ukraynada münaqişə 2022-ci ildə bitə bilərdi” bəyanatını indi səsləndirməsi səbəbsiz deyil. O, Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü, hüquq-mühafizə  və kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət üzrə komitənin rəhbəridir. Ukrayna Ali Radasının ABŞ ilə parlamentlərarası əlaqələr üzrə parlament qrupuna da məhz o  rəhbərlik edir. Üstəlik, Rusiya ilə bundan əvvəlki danışıqlarda da Kiyevi təmsil edən qrupa daxil idi.

3901833_original.jpg (552 KB)

Bəs, Araxamiya belə əhəmiyyətli nə deyib? Əslində, çox şey. Məsələn, onlardan ən diqqətçəkəni budur: “Kiyev neytral statusa və NATO-ya daxil olmayacağı barədə öhdəliyə razılıq versəydi, Ukraynadakı münaqişə ötən ilin yazında bitə bilərdi”. Onun sözlərinə görə, danışıqlar zamanı Rusiya Ukraynadan neytral statusu qəbul etməyi tələb edib. “Biz NATO-ya daxil olmayacağımıza dair öhdəlik götürəcəkdik”.  Bundan sonra dedikləri isə daha ilgincdir. “Kiyev münaqişəni dayandırmaqdan niyə imtina etdi” sualına Araxamiya cavab verib ki, bu qərara Böyük Britaniyanın o vaxtkı baş naziri təsir edib.  Belə ki, Boris Conson  dərhal Kiyevə gəlib və ruslarla hər hansı razılaşmanın əleyhinə olduğunu deyib.  Və “sonuncu ukraynalıyadək döyüşmək” çağırışını Araxamiya qısaca belə özətləyib:  “Boris Conson gəlin sadəcə, döyüşək dedi” .

Soçidə anadan olan Araxamiya Ukrayna hakimiyyətində “qara qutu”lardan biri hesab olnur. Soçidə anadan olan Araxamiya bir müddət Qaqrada (Abxaziya) yaşayıb. 1992-ci ildə Abxaziyadakı müharibədən qaçaraq valideynləri ilə birlikdə Ukraynaya köçüb. Orada böyüyüb və orta məktəbi bitirib. Avropa Universitetində  iqtisadiyyat üzrə təhsil alıb. Maydan hərəkatında  Müdafiə Nazirliyində könüllülər qrupunun kuratoru olub. Yalnız 2015-ci ilin fevralda Ukrayna vətəndaşlığı alıb.

Onun açıqlamasında Consonun adını ön plana çıxardığı rəyi yarana bilər, amma burada “ox”un bir ucu Zelenskinyə yönəlib. Boris Conson aşırı anti-Rusiya əhvallı siyasətçi kimi Ukrayna müharibəsinin “qırğı”larından biri, bəlkə də birincisi hesab oluna bilərdi. Tez-tez Kiyevə gedən Conson  Zelenski ilə yaxşı anlaşırdı və Britaniya həm silah təhcizatında, həm maddi dəstəkdə ABŞ-dan geri qalmırdı. Consonun fəallığı  Britaniya ilə Rusiya arasında tarixi kökləri olan rəqabətin sərhədlərini də aşırdı. O səbəbdən Consonun  “yox” qərarında həlledici rolu ola bilməsi təəccüblü deyil. Amerikaya da ortada belə bir “qırğı”nın olması sərf edirdi.

Conson Avropada “müharibənin aşırdığı” ilk hökumət rəhbəri də hesab oluna bilərdi. Baxmayaraq ki, onun istefası daha çox pandemiya vaxtı evində verdiyi “pitsa qnaqlığına” görə idi, amma müharibədəki aşırı fəallığı və verdiyi avatürist bəyanatlar onun sonun gətircəkdi. İndi Avropada Ukrayna müharibəsi ilə xal qazanmaq yenə də mümkündür, amma gərək bu dəfə əksinə danışasan. Yəni əvvəl  Kiyevə dəstək verənlərə seçici rəğbəti vardı, indi Ukraynaya yardımı dayandıracağı vədi verənlərə… Avopalı seçici daha  Ukraynadakı müharibəyə görə otağında soyuqdan donmaq, benzinin və ya ərzağın bahalaşmasını qəbul edə bilmir.  İndi Almaniya da hökumət böhranı yetişməkdədir. Bunun da səbəblərindən ən ciddisi Ukrayna müharibəsinin yaratdığı iqtisadi böhranla bağlıdır.

arxamiya.jpg (163 KB)

David Araxamiya

Zelenskiyə son aylar öz yaxın ətrafından yönəlik “ox”lara gəlincə, gözlənilən əks-hücumadək onu müharibədəki uğursuzluğa və ya Rusiya ilə masaya oturmadığına görə kimsə ittiham edə bilməzdi. Amma əks-hücum alınmadı və ya uğursuz oldu. Yayın sonunda artıq bəlli idi ki, Qərbin də ciddi önəm və dəstək verdiyi əks-hücum nəticə vermədi. Qərb üçün bu son sıqnal idi.

Ukrayna savaşında indi Qərbin iki yolu qalır. Ya  Kiyevə elə silahlar verməlidir ki, Rusiya ordusunu külli-küf etsin, ya da Moskva ilə danışıqlara məcbur etməlidir. Həm də Rusiyanın şərtləri ilə..

Araxamiya onu da deyib ki, gələn ilə planlaşdırılan parlament və prezident seçkiləri keçirilməyəcək. Belə deyə bilər, çünki ölkə qanunları imkan verir ki, hərbi vəziyyət dövründə seçkilər etələnsin. (Üstəlik, xeyli qaçıqın ölkəyə heç bir şərtlə qayıtmaq fikrində deyil). Demək, Qərb Zelenskini Zalujni ilə dəyişmək istəsə belə, bu seçki yolu ilə mümkün olmaya bilər. O halda, Ukraynada çevriliş ehtilalı artır. Zelenskini güc yolu ilə hakimiyyətdən salmaq Qərb üçün xüsusi çətinlik törətməz. Amma indi Qərbə Zelenskinin təkcə istefası yox, həm də indiyədək olan uğursuzluğu üstlənməsi lazımdır. Məsələn, çıxıb axşam müraciətlərinin birində istefa verdiyini, amma “yoruldum, gedirəm” yox, “indiyə qədər olan uğursuzluğu görə” desin. Qərb ancaq bəlkə bu yolla sifətini qoruya bildi.   Bəs, Ukrayna prezidenti belə bəyanat verərmi? Zelenski keçmiş aktyor kimi çıxışı bitəndə alqışlara öyrənib, bu dəfə o alqış olmaya da bilər…

Musavat.com