Bakının mərkəzində böyük təhlükə-FOTO/VİDEObackend

Bakının mərkəzində böyük təhlükə-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin mərkəzində yüzlərlə vətəndaşın həyatı təhlükə altındadır.

Editor.az yerli sakinlərə istinadən xəbər verir ki, adı çoxsaylı qalmaqallarda hallanan “Pilot-16” şirkəti paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 168 ünvanında apardığı tikinti işləri zamanı tikinti təhlükəsizliyi qaydalarını heçə sayaraq, sakinləri faktiki olaraq ölüm təhlükəsi ilə üz-üzə qoyub.

Şirkət qeyd olunan ərazidəki tikinti meydançasına ağır tonnajlı yükqaldırıcı kran yerləşdirib. “Pilot-16” şirkəti tərəfindən ərazidə normal tikinti meydançası yaradılmadığı üçün kranın əhəmiyyətli hissəsi hər gün minlərlə insanın və avtomobilin hərəkət etdiyi ana yolun üzərini kəsib.

Sakinlərin sözlərinə görə, kiçik bir texniki problem və ya hava şəraitinin kəskin dəyişməsi kranın maşınların və insanların üzərinə düşməsinə səbəb ola bilər.

Ərazi sakinləri qeyd edir ki, yerləşdirilən kranın digər hissəsi isə Novruzov qardaşları küçəsində vətəndaşın yaşadığı evin üzərinə düşür. Həmin ərazidə yaşayan ev sahibi və ailəsi hər gün dəhşətli faciə ilə qarşı-qarşıyadır.

Sakinləri bildirir ki, ərazidə yaranmış təhlükəli vəziyyətlə bağlı bir neçə gündür bütün aidiyyatı orqanlara müraciətlər edilsə də, vəziyyət dəyişməyib.

Nəsimi sakinləri deyir ki, “Pilot-16” şirkəti ərazidə bina tikintisinə başladığı gündən qanunlara və sakinlərə qarşı açıq hörmətsizlik nümayiş etdirir: “Şirkət gecənin gec, səhərin çox erkən saatlarında tikinti və betonlama işləri apararaq, vətəndaşların istirahət və sağlamlıq hüquqlarını kobud şəkildə pozur. Vətəndaşların etirazlarına, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, şirkət öz qanunsuz əməllərini davam etdirir”.

Nəsimi sakinləri yaranmış təhlükəli vəziyyətlər bağlı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti və digər aiddiyatı qurumlardan təcili kömək gözləyir.

//Editor.az