146 yaşlı Azərbaycan mətbuatı kənardan necə görünür?-“Mühafizəkar addımlar atılmalıdır”backend

146 yaşlı Azərbaycan mətbuatı kənardan necə görünür?- “Mühafizəkar addımlar atılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda milli mətbuatın- ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb.

Zərdabi və onun maarifpərvər silahdaşları milləti cəhalət yuxusundan oyatmağa çalışırdılar. Azərbaycan ziyalılarının bu fəaliyyəti şübhəsiz ki, həmin dövrün hakim dairələrini narahat etməyə başladı. Beləliklə, çoxsaylı təzyiqlər sonrası 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli kimlik ruhunda formalaşmasında çox əhəmiyyətli missiyanı həyata keçirdi.

“Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Hazırda ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzetlər, jurnallar, agentliklər, saytlar, teleradio şirkətləri fəaliyyət göstərir. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Birmənalı şəkildə demək olar ki, yarandığı 146 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı tarixi inkişaf yolu keçib.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri həm ön cəbhədə əsgər, həm də arxa cəbhədə informasiya savaşının iştirakçısı kimi bu şərəfli sınaqdan üzüağ çıxmağı bacardılar.

Bəs 146 yaşlı Azərbaycan mətbuatı kənardan necə görünür? Mediamız bu illər ərzində hansı uğurları qazanıb və jurnalistikamız hansı problemlərlə üz-üzədir?

Editor.az mövzunu tanınmış jurnalistlər və ekspertlərlə araşdırmağa çalışıb.

22 iyul Milli Mətbuat Günü ilə bağlı Editor.az-a danışan Əməkdar jurnalist, tanınmış teleaparıcı Mətanət Ağamirli bildirib ki, 146 yaşını qeyd edən Azərbaycan mətbuatı 1875-ci ildən bu günə qədər uzun və keşməkeşli bir yol keçib: “Bu şərəfli yolun başlanğıcında yalnız təmənnasız sevgi, məhəbbət, eşq dayana bilər. Bu peşəni dərin məhəbbətlə sevən və tarixdə iz qoyan dahi şəxsiyyətlərimizin müasir günümüzdə də uğurlu davamçıları var”.

O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mətbuatı öz gücünü və potensialını göstərdi: “Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müasir Azərbaycan mətbuatının rolu əvəzsizdir. Bu danılmazdır. İstər yazılı medianın, istərsə onlayn mediamızın gücünü biz Vətən müharibəsi dönəmində gördük. Bu gün Azərbaycan mətbuatında bir çox simalar var ki, bizim hər birimiz onlardan nümunə götürməliyik. Birinci və ikinci Qarabağ müharibəsində öz peşəsi naminə canlarını qurban verən jurnalist dostlarımıza Allahdan rəhmət diləyirik. Onların peşə ənənələri bu gün layiqincə davam etdirilir”.

Əməkdar jurnalist qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan jurnalistikasında da müəyyən problemlər mövcuddur:

“Təəssüf edirəm ki, son illərdə müxtəlif təşkilatlar “Əkinçi” adı ilə, eyni zamanda bu sahədə öz sözünü deyən şəxsiyyətlərin adları ilə “jurnalist” adını daşıyan bəzi insanları mükafatlarla təltif edirlər. Bu doğru deyil. Bu mükafatlar illərini bu peşəyə qurban verən gerçək jurnalistlərə təqdim olunmalıdır. Hal- hazırda Azərbaycan mətbuatında “mən peşəkar jurnalistəm” iddiası ilə dolaşan insanlar çoxdur. Müxtəlif peşələrdə uğur əldə edə bilməyib bu gün özünü jurnalist kimi təsdiq etməyə çalışan, orta təhsilli, yalnız kollec bitirən insanları bu sahədən uzaqlaşdırmaq lazımdır. Bu gün işdən qovulan hansısa bir məmur 3-5 manata sayt açır və özünü sayt rəhbəri kimi təqdim edə bilir. Bütün bunlar jurnalistikanı nüfuzdan salan məqamlardır. Jurnalistikada həmrəylik daha güclüdür, jurnalist həmkarlar bir-birinə daha çox dəstək verməyə qadirdir. Hesab edirəm ki, mətbuatımızın aparıcı simaları Azərbaycan mediasının güclənməsi naminə mühafizəkar addımlar atmalıdır”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə düşünür ki, Azərbaycan mətbuatı özünün intibah dövrünü 1990-cı ilin ortalarında yaşayıb: “Həmin dövrlərdən fərqli olaraq, bu gün mediamız kifayət qədər peşəkar standartlara cavab vermir. Medianın rolu cəmiyyəti maarifləndirmək, araşdırmalar aparmaq, nöqsanları üzə çıxarıb tənqid etməkdən ibarətdir. Düşünürəm ki, Azərbaycan mətbuatı bu istiqamətdə axsayır. Lakin Azərbaycan mətbuatında geridəqalmış, dələduz qələm adamları ilə yanaşı, öz sözünü deyən kifayət qədər peşəkar gənc jurnalistlər də var. Ümid edirəm ki, bu gənc qələm sahibləri öz azad düşüncələrini inkişaf etdirərək gələcəkdə azad mətbuatın inkişafına töhfə verəcəklər”.

Qulu Məhərəmmli qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mediası cəmiyyətin informasiya tələbatına uyğun hərəkət etdi: “Azərbaycan mediası həmin dövrdə hadisələri olduğu kimi doğru- dürüst, eyni zamanda insanların arzu- düşüncələrini, müəyyən şərhləri vaxtı-vaxtında cəmiyyətə çatdıra bildi. Bu gün dövlətinə, xalqına şərəflə xidmət edən, öz missiyasını layiqincə yerinə yetirən bütün peşəkar jurnalistləri təbrik edirəm”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər hesab edir ki, Azərbaycan jurnalistikası dünya mətbuatının bir parçasıdır və dünya mətbuatı nə qədər inkişaf edirsə, Azərbaycan mediası da mümkün şərtlər çərçivəsində ona uyğunlaşmağa çalışır: “Əlbəttə bu gün biz deyə bilmərik ki, Azərbaycan mətbuatında hər şey mükəmməldir. Mətbuatın mükəmməl olması üçün cəmiyyətin də mükəmməl olması lazımdır. Bəzən Azərbaycan cəmiyyətində mətbuatla bağlı yanlış təsəvvürlər yaranır. Biz bilməliyik ki, mətbuat cəmiyyətdə problemi həll edən tərəf deyil, onu işıqlandıran tərəfdir. Cəmiyyətimizdə elə fikirlər formalaşıb ki, sanki mətbuat şikayətçi yerinə şikayətçi, siyasətçi yerinə siyasətçi rolunu oynamalıdır. Bu yanlış düşüncədir. Mətbuatın öz vəzifələri və prinsipləri var”.

Baş redaktorun sözlərinə görə illərlə Azərbaycan mətbuatının inkişafının önünün kəsilməsi istiqamətində təbliğat işləri aparılıb:

“Köhnə məmur zehniyyəti Azərbaycan mətbuatında reklam bazarının formalaşdırılmasının önündə ən ciddi əngəllərdən biri olub. Bir dönəm mətbuatımız milli burjuaziyanın bir hissəsi olmaqdan daha çox, hansısa yardıma söykənən iqtisadi bazası olmayan bir sahəyə çevrildi. Azərbaycan mətbuatının inkişafı üçün media qanunvericiliyi mütləq şəkildə yenilənməlidir. Dünyanın heç bir yerində 19-20 il əvvəl qəbul edilmiş qanunla idarə olunan KİV yoxdur”.

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.