Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolubackend

Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Təhsil hər bir ölkənin gələcəyində mühüm rol oynayan əsas istiqamətdən biridir.Müasir dünyada hər bir ölkənin inkişafı həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür.  Belə ki, bütün cəmiyyətlərdə sağlam gənc nəslin yetişməsində, ölkənin tərəqqisində, iqtisadiyyatın inkişafında keyfiyyətli təhsilin rolu əvəzsizdir. Təsadüfi deyil ki, ən çətin, ekstremal dönəmlərdə belə təhsilin fasiləsizliyini təmin etmək üçün dövlətlər tərəfindən sistemli işlər görülür.

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda elm və təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”

Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilindəki rolu ilə bağlı Editor.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycan elmində də mühüm addımların atıldığının şahidi olduq:

“Ulu öndər hətta Sovet dövründə də  gənclərimizin xaricdə təhsil alması istiqamətində davamlı addımlar atır, müəyyən tədbirlər həyata keçirirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndərin bu siyasəti uğurla davam etdi. Ölkəmizdə həmin dövrlərdə Milli Elmlər Akademiyasının bağlanması məsələsi müzakirə edilirdi. Ulu öndər Heydər Əliyev bunun qarşısını aldı. Azərbaycan dilinin inkişafı, elmə, təhsilə marağının artırılması istiqamətində Ulu Öndər sistemli tədbir planının həyata keçirilməsi ilə bağlı fəaliyyətə başladı. Bu da Azərbaycan təhsilinə, elminə xüsusi diqqətin və qayğının göstəricisidir. Alimlərə, müəllimlərə diqqətin artırılması, fəxri adların verilməsi bu tendensiyanın davamıdır. Ölkəmizdə yeni universitetlər açıldı, tələbələrin təqaüdləri artırıldı. Milli Məclisdə elm və təhsil sahəsində qanunvericiliyin bazası daha da möhkəmləndirildi. Eyni zamanda, davamlı olaraq Ulu Öndərin Azərbaycan müəllimlərinin əməyinin qiymətləndirilməsi istiqamətində addımlar atdığının da şahidi olmuşuq.Azərbaycanda həmin dövrlərdə Heydər Əliyevin xaricə göndərdiyi tələbələr sonrakı vaxtlarda müxtəlif strukturlarda, dövlət qurumlarında fəaliyyət göstəriblər. Bu siyasət də eyni qayda və formada uğurla davam etdirildi. Bu istiqamətdə Azərbaycanın müəyyən uğurlar əldə etdiyini də gördük. Universitetlər, məktəblər təmir olunub, yeniləri inşa edilib istifadəyə verildi. Bu kimi fəaliyyətlər təhsilin inkişafına, daha da güclənməsinə öz töhvəsini vermiş oldu”.

Təhsil eksperti Elşən Qafarov isə Editor.az-a bildirib ki, 1999-cu il iyunun 15-də Heydər Əliyevin göstərişi ilə ölkədə təhsil islahatlarının başlaması ilə bağlı sərəncam imzalanıb:

“Bu istiqamətdə islahatlar 3 mərhələdən ibarətdir. Birincisi, 1999-2003-cü illəri əhatə edən normativ bazanın yaradılması mərhələsidir. İkincisi, 2003-2008-ci illər və üçüncü mərhələni isə 2008-2013 -cü illəri əhatə edən tətbiqi məsələlər mərhələsidir. 1999-cu ildən başlayan təhsilin birinci mərhələsi 2013-cü ilə qədər davam etdi. 2013-cü ildə artıq ölkə prezidenti İlham Əliyevin 13 nömrəli sərəncamı ilə ( 24 oktyabr 2013-cü il) Təhsilin İnkişafı üzrə dövlət strategiyası qəbul edildi. Artıq təhsil islahatında ikinci mərhələ başladı və hələ də davam edir. Hazırda son 3 ildə verilmiş sərəncamlar, qəbul edilmiş qərarlar, Təhsil Nazirliyinin yeni strukturda formalaşması və yaxın günlərdə yeni əsasnamə qəbul edildikdən sonra Azərbaycanda təhsil islahatlarının üçüncü mərhələsi başlayacaq. Hətta Mədəniyyət Nazirliyinin də Təhsil Nazirliyinə birləşdirilməsi gözlənilir. Bu istiqamətdə müəyyən proqnozlar var. Təməli Ulu öndərin sərəncamları ilə qoyulan təlim-təhsil islahatları artıq illərdir ki, ölkə prezidentinin sərəncamları ilə davam etdirilir. Təhsil elə bir sahədir ki, burada heç vaxt islahatların bitdiyini,dayandığını söyləmək olmaz. Nə qədər ki, cəmiyyət, ölkə var, təhsilə həmişə ehtiyac olacaq”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində həyata keçirilən bir sıra islahatların nəticəsi olaraq bu gün ölkədə kifayət qədər ali təhsilli şəxs formalaşıb:

” Bunlar orta ixtisas təhsil müəssisələri, subbakalavr, bakalavr eləcə də magistr pilləsi üzrədir. Əvvəlki dövrlə müqayisə etsək, ali təhsil istiqamətində vətəndaşlarımızın marağının artdığını görərik. Nəticə etibarilə Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Avropa Şurasına qəbulu ilə bağlı müəyyən işlər görüldü və 2004-cü ildə Azərbaycan artıq bolonya sisteminə keçid etdi. Ali və orta təhsildə də müəyyən nailiyyətlər əldə olundu. Heydər Əliyevin hakimiyyəti dövründə ümumi ali məktəblərin sayı 20-yə çatmışdı. Hazırkı dövrdə artıq 54 xüsusi və mülki ali təhsil müəssisəsi fəaliyyət göstərir. Müşahidə edirik ki, hər il 50 minə yaxın şəxs ali təhsil istiqamətində tələbə adını qazanır.  Ümummilli liderin hakimiyyəti dövründə 800-dən çox məktəb tikilib. Həmin dövrlərin olduqca çətin olduğunu nəzərə alsaq bu həqiqətən böyük rəqəmdir. Təhsil istiqamətində uğurlu addımlardan biri də latın qrafikalı əlifbaya keçiddir. Bu gün də dövlət başçısı İlham Əliyev təhsilə böyük diqqət ayırır, yeni qərarların verilməsi, tədbirlərin keçirilməsi bunu əsaslandırır. Son dövrlərdə isə yeni universitetlərin məsələn ADA, Bakı Ali Neft Məktəbi  yaranmasını misal göstərə bilərik. Xaricdə təhsil almaq istəyən vətəndaşlar müvafiq dövlət proqramı ilə təmin edilib. Sonuncu proqram 2022-2026-cı illəri əhatə edir və kifayət qədər vətəndaşımızın dövlət büdcəsi hesabına xaricdə təhsil almaq imkanı əldə edib. Bu kimi addımlar təhsilin inkişafına öz töhfəsini verir. Bəzi bölgələrimizdə isə təmirə ehtiyacı olan və ya yenidən tikilməsinə ehtiyac olan məktəblər var. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlət başçımız tərəfindən bir neçə məktəbin təməli atılıb. Bu yaxınlarda Şuşa, Füzuli, Cəbrayıl və digər azad olunmuş ərazilərimizdə yeni məktəblərin əsaslı təmirini və istifadəyə verilməsini görəcəyik”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.