“Bu gün qırmızı diplom əmək bazarında heç bir üstünlük təmin etmir”- Təhsil eksperti ŞƏRH EDİRbackend

“Bu gün qırmızı diplom əmək bazarında heç bir üstünlük təmin etmir”- Təhsil eksperti ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib ki,  bu gün universitetlərdə verilən qırmızı və göy diplomun heç bir fərqi yoxdur və 3” alan da, “5” alan da eyni diploma sahiblənir:” Bu məsələləri işləmək lazımıdır. Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir”.

Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır. Millət vəkili qırmızı diplomların verilməsində saxtakarlıqların ola biləcəyini də dilə gətirib.

Editor.az məsələni təhsil eksperti Kamran Əsədovla müzakirə edib. Ekspert açıqlamasında bildirib ki,  bu gün ali təhsil əldə etmək məsələsi olduqca vacibdir:

” Qırmızı diplom almaq üçün Nazirlər Kabineti tərəfindən  müəyyən etdiyi şərtlərə cavab verməlisən. Məlum olduğu kimi, Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Qaydalara görə ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir. Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda “qeyri-kafi” – F, 51-60 bal topladıqda “qənaətbəxş” – E, 61-70 bal topladıqda “kafi” – D, 71-80 bal topladıqda “yaxşı” – C, 81-90 bal topladıqda “çox yaxşı”- B, 91-100 bal topladıqda “əla” – A alır. Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir. Etiraf edək ki, ali məktəbləri fərqlənmə ilə bitirən şəxslər yüksək biliklər və peşə vərdişlərinə yiyələnmiş orta mütəxəssislər hesab olunurlar. Sözsüz ki, əmək bazarında onların üstün mövqeyi də qorunur. Çünki hər hansı bir müəssisə yüksək qabiliyyətli , bacarıqlı insanların çalışmasına üstünlük verir. Bu mənada indiyə qədər ali məktəbi fərqlənmə ilə bitirən adamların cəmiyyətdə aldıqları bilikləri doğrultduqlarını görürəm. Onlara inam və etibar əksər hallarda özünü təsdiq edir. O cümlədən ali məktəblərin də imici qorunur”.

K. Əsədovun sözlərinə görə, Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir:

“Müsahibə mərhələsində qırmızı diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 1 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta siz magistratura pilləsində təhsil alsanız belə, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur. Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil. Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq qırmızı diplomun heç bir özəlliyi yoxdur. Əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı diplom” verilir”.

“Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxdur. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir. Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”,-deyə ekspert sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az