Ekspert nazirin fikirləri ilə RAZILAŞMIR: “Bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir”backend

Ekspert nazirin fikirləri ilə RAZILAŞMIR: “Bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəblərin sayı isə azdır. Həmin siniflərə 30-40 nəfər uşaqlar cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılırsa, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəllimi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedaqoji tələb yerinə yetirilməlidir. Hesab edirəm ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir”.

Bu barədə təhsil eksperti Kamran Əsədov Editor.az-a Elm və Təhsil naziri Emin Əmrullayevin siniflərdə şagird sayının çox və ya az olmasının təhsilin keyfiyyətinə təsir etməməsilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Kamran Əsədov nazirin fikirləri ilə razılaşmır. Ekspert qeyd edib ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var:

“Bundan istifadə etmək lazımdır. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər. Fənnləri dərindən öyrətmək istəmirlər, bizim isə öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa, yaxşı olar. Düşünürəm ki, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda bu vərdişlər ötürülmür, sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-birilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrətmək olur”.

K. Əsədovun sözlərinə görə, tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır:

“Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu, vacib bir məsələdir. Apardığımız monitorinqlər göstərir ki, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır. Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.6 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”, – deyən ekspert qeyd edib ki, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.

//Gülnarə Abasova, Editor.az