“Əvvəlcə əmək haqları artırılsın, daha sonra müəllimlər imtahana cəlb edilsin”- Təhsil ekspertibackend

“Əvvəlcə əmək haqları artırılsın, daha sonra müəllimlər imtahana cəlb edilsin”- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan təhsil sistemində ilk dəfə vahid imtahan 2014-2017-ci illərdə müəllimlərin diaqnostik imtahanı keçirilən zaman baş tutdu. Məhz 2009-cu -ildən etibarən mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanlarının da həyata keçirilməsi daha savadlı, bilikli şəxslərin işə qəbuluna gətirib çıxarır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, bildirib ki, “Təhsil haqqında” Qanuna dəyişiklik edildikdən sonra əvvəllər akreditasiyadan keçməli olan müəllimlər indi sertifikasiyaya cəlb ediləcəklər:

“Sertifikasiyanın mahiyyəti ondan ibarətdir ki, yalnız ixtisasını bilən, fiziki və psixoloji olaraq hazırlıqlı müəllimlər orta məktəb tədris prosesində iştirak etsinlər. Bu faktdır ki, bu gün orta ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında ixtisas bilikləri zəif olanlar da var. Məhz sertifikasiyanın əsas məqsədi bilik və bacarıqları standartlardan aşağı olan, eyni zamanda psixoloji olaraq tədris prosesində iştirak etməyə çətinlik çəkənlərin müəyyən qədər keyfiyyətinin artırılmasıdır”.

Kamran Əsədov qeyd edib ki, “sertifikasiyayayox” deyən müəllimləri də başa düşürəm:

“Çünki onlar MİQ imtahanlarındakı tapşırıqların standartlara uyğun olmadığını görüb sertifikasiya imtahanından haqlı olaraq narahat olublar. Çünki onlar düşünürlər ki, Təhsil Nazirliyi keyfiyyətli imtahan keçirməkdə çətinlik çəkir. Məhz bu amil onları yanlış yanaşmaya gətirib çıxarır. Heçkəs düşünməsin ki, Azərbaycan müəllimi nədənsə qorxur və ya çəkinir. 44 günlük Vətən müharibəsində də öndə gedən müəllimlərimiz oldu, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan şəxslər müəllimlərdir. İmtahanların keçirilməsi ilə bağlı müəllimlərimizin narahat olduğu məqam onların bilik və bacarıqlarını yoxlayan şəxslərin özlərinin bilik və bacarıqlarının yoxlanılmamasıdır. Müəllimi imtahan etmək olar bu problem deyil. Lakin buna görə müəllimləri imtahan edən zaman buna haqqımız olmalıdır. Bu gün 150-200 manat əməkhaqqı alan müəllimi hələ imtahana da cəlb etmək ona qarşı müəyyən dərəcədə hörmətsizlikdir. Hesab edirəm ki, mütləq şəkildə müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Bu istiqamətdə müsbət addımlar atıldıqdan sonra müəllimlər imtahanlara cəlb edilə bilər. Yoxsa əmək haqlarında heç bir artım olmadan onların mütəmadi olaraq imtahanlara cəlb edilməsi başa düşülən deyil. Sertifikasiya imtahanında da vahid dərslik, baza olmalıdır . Bu zaman heç bir narahatçılığa əsas qalmaz. Çünki indiyə qədər keçirilən imtahanlarda qeyri-peşəkarlıq öz sözünü deyib. Qeyd edilən problemlər aradan qalxarsa, müəllimlər birmənalı şəkildə imtahandan çəkinməzlər. Çünki bu imtahanlar onların öz tədris etdiyi fəndən keçirilir. Sadəcə salınan sualların peşəkar olub-olmamasından müəllimlər narahatdır. İndiyə qədər keçirilən imtahanlarda salınan sualların keyfiyyətinin aşağı olması müəllimləri haqlı olaraq narahat edir”.

//Gülnarə Abasova, Editor.az