“İran təranələri Ermənistana qarşı deyil, birbaşa regionun konkret ölkəsinə münasibətdə oynanılır”-ŞƏRHbackend

“İran təranələri Ermənistana qarşı deyil, birbaşa regionun konkret ölkəsinə münasibətdə oynanılır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin regionla bağlı potensial dağıdıcı planlarına belə Azərbaycan, Rusiya, Türkiyə tərəfdən rəsmi səviyyədə açıqlamalarla hasil olan reaksiyalar verildi. “Səmimi”, “haqlı”, amma həqiqətən regional və çox iddialı aktor kimi İranı mövqe bildirməkdən çəkindirən, susqunluğa təşviq və qərq edən, kənar qüvvələrə münasibətdə “qırmızı xətt” ritorikasına rəğmən susqunluğa malik olması isə Qərbin bölgəyə gəlməsindən daha çox, güclü Azərbaycan faktorudur. Qərbin burda güclənməsi İranın uzunmüddətli hədəflərinə zərbə olsa da, görünür, İran Azərbaycanı nəzərə alaraq hədəf oxlarını daha “uzağa” tuşlayır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

 

Onun sözlərinə görə normalda Ermənistanda Aİ mülki missiyası, keçən il Ermənistan ərazisində ABŞ-la keçirilən hərbi təlimlər, amerikalı hərbi instruktorların mövcudluğu da daxil olmaqla, İrəvanın Qərbi regionda “otuzdurmaq” cəhdləri İranı qəzəbləndirməlidir:

“Amma tam əks tendensiyanın şahidiyik. Bu tərs-mütənasiblik isə sadəcə regiona qarşı münasibətdə özünü büruzə vermir. İlkin olaraq qeyd edək ki, İran dövlət aviaşirkətinin təyyarələri vasitəsilə Ermənistana silah çatdırılır, Azərbaycandakı səfirlik isə bu məsələyə də hələ də aydınlıq gətirməyib. Aydın görünən mənzərə budur ki, İran təranələri Ermənistana qarşı deyil, birbaşa regionun konkret ölkəsinə münasibətdə oynanılır. Bu kimi halların artması, dərinləşməsi, şübhəsiz ki, müsbət heç nə vəd etmir. O faktı da nəzərə alaq ki, səfirliyimiz fəaliyyətini hələ də bərpa etməyib. Zəngilanda mal-qara fermasının “xarici ölkənin bazası” kimi təqdim edilməsi, məscidlərimizin təhqir olunması, işğal zamanı Ermənistanla həyata keçirilən biznes forumları, müsəlman qardaşları sayılmalı olan xalqımıza qarşı soyqırımları, Qarabağa 32 İran vətəndaşının gizli səfəri də daxil olmaqla İranın “müsəlman təəssübkeşliyi” məsələsində qeyri-səmimiyyəti sadəcə Azərbaycanla məhdudlaşmır. Həm də Fələstində on minlərlə müsəlmanın qətlinə yalnız “bəyanatlarla” cavab verilməsi bunu sübut edir. Daha vacib və aydın isə odur ki, İran regiondan kənarda da Qərblə işbirliyi içindədir”.

Ş.Həsənova bildirib ki, İranın ABŞ-la bu dəfə də gizli sövdələşmədə olduğu siyasi kluarların əsas mövzularından biri olmaqla yanaşı, nüfuzlu media qurumlarının da başlıqlarındadır:

“Bir amil odur ki, İran qeyri-leqal neft satışına göz yumulması qarşılığında Qərbin Yaxın Şərq və Cənubi Qafqazla bağlı planlarına göz yumur. İran hakimiyyətində təmsil olunan şəxslərin övladları ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarında da təhsil alıb, biznes fəaliyyətləri ilə məşğuldurlar. Bu da faktdır. Lakin digər iddia isə “The Financial Times”ın bu həftə ilk olaraq xəbər verdiyi görüşlə bağlıdır ki, İran və ABŞ rəsmiləri təxminən səkkiz ay ərzində dolayı yolla da olsa, ilk dəfə təkbətək danışıqlar aparıblar. Gizli danışıqlar yanvarın 10-da Omanın paytaxtı Maskatda keçirilib və əsas müzakirə predmeti proxy hücumları və atəşkəslə bağlı danışıqlardır. Belə ki, Yəməndəki husilərin Qırmızı dəniz gəmiçiliyinə yaratdığı təhlükə, eləcə də İranın dəstəklədiyi milislərin İraqdakı Amerika bazalarına hücumları müzakirə edilərək ABŞ tərəfi Qırmızı dəniz gəmiçiliyinə və Amerika bazalarına hücumları dayandırmağa, İran isə Qəzzada atəşkəs əldə etməyə çalışıb. Amerika rəsmilərinin verdiyi məlumatı nəzərə alsaq yanvarda görüşün keçirilməsini İran tərəfi tələb edib və omanlılar ABŞ-a bunu qəbul etməyi şiddətlə tövsiyə edib. Bununla belə, tərəflər arasında heç bir razılıq əldə olunmayıb və iranlılarla görüş bitdikdən bir neçə saat sonra Birləşmiş Ştatlar yanvarın 11-də Yəməndəki çoxsaylı husi hədəflərinə hərbi zərbələr endirdi, fevralın əvvəlində isə ABŞ İrana yaxın İraq milislərinin hücumu nəticəsində üç amerikalı hərbçinin öldürülməsinə cavab olaraq İraq və Suriyadakı İrana bağlı hərbi bazalara zərbələr endirdi. Yəni, baş verən son proseslər sübut edir ki, iki tərəf arasında gərginlik əhəmiyyətli olaraq qalır.

İran bəlli qeyri-leqal məqsədlərindən ötrü Qərbin Yaxın Şərq və Cənubi Qafqazdakı siyasətinə qarışmasa da Beynəlxalq Böhran Qrupunun İran direktoru Əli Vaezin də gərginliyin sadəcə Qırmızı dənizdə husilərin hücumları ilə bağlı olmadığını bildirməsi iki güc arasında mövcud olan və çözülməyəcək ziddiyətlərdən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev isə zamanında uzaqgörən siyasətilə regional əməkdaşlığı kənarda axtarmamağın əhəmiyyətini bildirib, yollarını da göstərib”.

//Gülnarə Abasova, Editor.az