“Məktəblərdə dini dərslərin tədrisi doğru deyil”-Təhsil ekspertindən ŞƏRHbackend

“Məktəblərdə dini dərslərin tədrisi doğru deyil”-Təhsil ekspertindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Radikalizmə yol açan bir neçə əsas məqam var. Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir. Çünki bu, dini maarrifləndirmədir və bununla cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür”. Bunu dünən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı “Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Maraqlıdır, təhsil müəssisələrimizdə dini dərslərin tədrisi gözlənilirmi?

Mövzu ilə bağlı  Editor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi məktəblərdə dini dərslərin tədrisini doğru hesab etmir:

” Məsələyə yanaşma kökündən yanlışdır. “Həyat bilgisi” fənnində dinlərlə bağlı qısa bir məlumat verilib və bununla da bu məsələnin üzərindən keçirik. Dini dərslər şagirdlərin beynini lazımsız informasiyalarla dolduracaq. Bu isə məqsədəuyğun deyil. Ölkəmizdə dini etiqad azadlığı var  və hər kəs öz din seçimində azaddır. Müvafiq dövrdə kim hansı dinə qulluq edəcəksə, bu şəxsin öz seçiminə buraxılmalıdır. Məktəblərdə dini dərslər tədris olunarsa, hardan biləcəyik ki, bu din müəllimləri hansı dini cərəyanı təbliğ edəcək? Ona görə də mən bu təkliflə razılaşmıram və yanlış hesab edirəm. Azərbaycan Respublikasının Konstitusiyasına görə din dövlətdən ayrıdır. Digər tərəfdən elm və din yanaşı ola bilməz. Din fərqli bir istiqamətdir. Biz tədris prosesində şagirdlərə yalnız elm və onun mahiyyətini izah etməliyik. Din barədə təhsildə sadəcə qısa bir məlumat vermək olar, ancaq ayrıca tədrisi qəbuledilməzdir. Ümumiyyətlə isə təhsil müəssisələrində din dərslərinin tədrisi gözlənilmir”.

//Gülnarə Abasova, Editor.az