MİQ imtahanlarında nə baş verir? – Ekspert suallardan narazıdırbackend

MİQ imtahanlarında nə baş verir? – Ekspert suallardan narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. 23 iyul 2021-ci il ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib. İmtahanda təqdim edilən test sualları müsabiqədə iştirak edən müəllimlər arasında ciddi narazılıqlar doğurub. İmtahan verən müəllimlər sualların əksəriyyətinin məntiqsiz olduğunu və heç bir elmi biliyə əsaslanmadığını iddia edirlər. Müəllimlərdən biri gülünc hesab etdiyi MİQ imtahanı suallarından birini öz sosial şəbəkə hesabında paylaşıb. Sualda deyilir: Hüseyn Cavidin “Ana” əsərində Qanpolad həbsxanadan çıxıb evə gələndə hansı rəngdə paltar geyinmişdi və materialı nə idi? .Bu və buna bənzər bir sıra suallar müəllimlər arasında narazılığa səbəb olub.

Məsələ ilə bağlı Editor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin işə qəbulu imtahanı son 12 il ərzində ölkə təhsilində şəffaf şəkildə həyata keçirilən bir prosesdir:

” Məhz bu müsabiqə nəticəsində imtahan iştirakçıları heçbir kənar müdaxilə olmadan orta ümumtəhsil məktəblərində işə qəbul olunurlar. Azərbaycan təhsilinin inkişafında MİQ-in çox böyük rolu var. Azərbaycan təhsilində islahatların başında birinci yerdə müəllimlərin işə qəbulu imtahanlarının mərkəzdirilmiş qaydada keçirilməsi durur. Daha sonra tələbə köçürülmələri, birinci sinifə qəbul imtahanı və digər bu kimi proseslərin elektronlaşması ölkə təhsilinin əlçatanlığına, keyfiyyət baxımından inkişafına çox müsbət təsir göstərən amillərdəndir”.

Ekspert qeyd edib ki, 2021-ci il üzrə müəllimlərin işə qəbulu imtahanında təqdim edilən test tapşırıqları ilə bağlı çox ciddi narahatlıqlar və narazılıqlar var:

“Riyaziyyat, eyni zamanda Azərbaycan və ədəbiyyat dili fənnindən təqdim edilən suallarlarla bağlı bir çox müəllimlər şikayət edir. Azərbaycan və ədəbiyyat dili fənnindən təqdim edilmiş test tapşırıqları birmənalı şəkildə bilik və bacarıqları yox, yaddaşı yoxlayan test tapşırıqları idi. MİQ elə bir imtahandır ki, burada təkcə bilik deyil, eyni zamanda psixoloji- metodiki bacarıqlar da yoxlanılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda təqdim edilmiş suallar təsadüfi seçilmiş suallar və ya təsadüf nəticəsində doğru cavablana biləcək suallar olmamalıdır. Paltarın geyiminin ve materialının soruşulması imtahanda iştirak edən şəxsin bilik və bacarığını, məntiqi təfəkkürünü yoxlayan sual deyil. Bu sadəcə təsadüfi cavablandırıla biləcək suallardır. Bu suallarla biz gələcəyin yaxşı müəllimini və ya ortaümumtəhsil məktəbləri üçün lazımı müəllim heyətini formalaşdıra bilmərik. Bununla yalnız təsadüfən test sualına doğru cavab verə bilən mütəxəssis seçə bilərik. Bu da heçkəsə lazım deyil. MİQ imtahanlarında daha uğurlu nəticələr əldə etmək və savadlı müəllim kadrları seçmək üçün məntiqi təfəkkürü, dünyagörüşünü, biliyi yoxlayan suallar təqdim olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az