“Müəllim şagirdə əl qaldırmağa başlayıbsa, deməli, artıq onun auditoriyada sözü keçmir”- Elçin Əfəndidən AÇIQLAMAbackend

“Müəllim şagirdə əl qaldırmağa başlayıbsa, deməli, artıq onun auditoriyada sözü keçmir”- Elçin Əfəndidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 yanvar 2023-cü il tarixində Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi ilə bağlı görüntülər yayılıb. Görüntülər bir neçə gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin bəzisi müəllimi, bəziləri şagirdləri, bəziləri isə məktəb rəhbərliyi və ya valideynləri günahlandırır.

Editor.az məsələni təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib. Ekspert açıqlamasında bildirib ki, istənilən halda müəllimin şagirdə zor tətbiq etdiyi bu görüntülər Azərbaycan  dövləti, cəmiyyəti üçün xoşagəlməz bir haldır:

” Çünki hər hansı bir təhsil müəssisəsində belə bir halların baş verməsi təhsil adına yaraşmır. Mövcud situasiyada isə qismən müəllimin, daha çox isə  məktəb rəhbərliyi və valideynlərin günahı var. Çünki yaşadığımız 21-ci informasiya texnologiya əsrində sinif otaqlarının kamera sistemi ilə təmin edilməməsi doğru deyil. Belə bir problem olduqda kamera görüntülərinə əsasən məktəb rəhbərliyi dərhal hadisəyə müdaxilə etməlidir. Görünən odur ki, prosesdə hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşmır. Valideyn övladını düzgün tərbiyə edə, müəllim auditoriyanı ələ ala bilsə, məktəb rəhbərliyi təhsilalan və təhsilverənlərə yetərincə diqqət göstərsə və məsuliyyətini, vəzifələrini onlara aşılasa, belə hallar baş verməz”.

Elçin Əfəndinin sözlərinə görə, Azərbaycanda  fəaliyyət göstərən 4440 məktəbdə təhsilalan 1 milyon 600 şagirdin təlim- tərbiyəsi ilə 160 minə yaxın müəllim məşğul olur:

“Belə olduqda təhsilalan və təhsilverən hər bir şəxsin biliyinin, psixologiyasının fərqli olduğunu nəzərə almalıyıq.  Ona görə əsas məsələ məhz düzgün sistemin qurulmasıdır. Bu tip hallar bir neçə məktəbdə hər gün baş verir, sadəcə biz sosial şəbəkələrdə paylaşılan görüntülərin şahidi oluruq. Müəllimin başlıca vəzifəsi sinifə girdiyi andan auditoriyanı ələ almaqdır. Belə olduqda şagirdlər artıq davranışlardan çəkinirlər. Əgər müəllim artıq əl qaldırmağa keçibsə, demək ki, onun artıq sözü keçmir və idarəetmə qabiliyyətini itirib, və ya dərsin gedişatı şagirdlərə maraqlı deyil. Belə hadisələr hər gün məktəblərdə baş verir. Aiddiyyatı qurumlar artıq bu istiqamətdə ciddi addımlar atmalıdır. Çünki təhsil cəmiyyətin əsas aparıcı istiqamətidir və digər sahələr bir növ təhsildən aslıdır”.

//Gülnarə Abasova, Editor.az