Qarabağda növbəti müharibəyə hazırlıq – Paşinyana Parisdə nə vəd edildi?backend

Qarabağda növbəti müharibəyə hazırlıq – Paşinyana Parisdə nə vəd edildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsi bir çox məsələlərin köklü dəyişikliyinə səbəb oldu. Ermənistanın kapitulyasiyası adlandırılan 10 noyabr bəyanatından ilyarım keçsə də, İrəvanın məsuliyyətdən yayınmaq, götürdüyü öhdəlikləri pozmaq cəhdi Bakını adekvat addımlar atmaq məcburiyyətində qoydu. Rəsmi Bakı geosiyasi düzənin xeyrinə dəyişdiyi, vəziyyətin lehinə işlədiyi bir vaxtda İrəvana növbəti 10, 15, 30 il möhlət vermək fikrində deyil. 

Elə bu səbəbdən də Azərbaycan sülh müqaviləsi ilə bağlı İrəvana 5 maddəlik (1 – Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2 – Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3 – Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4 – Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5 – Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması – red) baza prinsiplərini təqdim edib.

Açıq-aydın görünür ki, Azərbaycan Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi, eləcə də əməkdaşlıq təklif edir. İki gün əvvəl rəsmi Bakının Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə Tehranla anlaşmasını nəzərə alsaq İrəvan üçün bu kommunikasiyanın açılması ilə əldə edə biləcəyi dividentləri itirmək riski yaratsa da, İrəvandan Azərbaycanın göndərdiyi sənədə münasibəti heç də Bakının gözlədiyi kimi olmadı. Hərçənd, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir.

Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə İrəvandan “BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib” cavabı gəldi.

Edilən açıqlamadan belə nəticə çıxır ki, İrəvan sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyəti güdür və beləcə danışıqları başlamamış dəfn edir. Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir.

Bunun başqa adı yoxdur: İrəvan Bakının şərtinə şərtlə çıxış etdi. Belə çıxır ki, Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun iştirakı olmadan Bakı ilə bir danışıqlar masası arxasında əyləşmək fikrində deyil. Bu o deməkdir ki, İrəvan sülh sazişi ilə bağlı danışıqlarda məsələni Bakı ilə təkbətək dioloq çərçivəsində həll etmək istəmir. Sual yaranır: Bunu tək Ermənistanmı istəmir?

Bu məqamda Ceyhun Bayramovun Antalyadakı Diplomatik Forumda Ermənistana təqdim edilən 5 maddəlik sənədlə bağlı dediklərini xatırlamaq yerinə düşər: “Azərbaycan tərəfi xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təklif göndərib. Biz Ermənistan tərəfinə özündə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif etdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazır olduğumuzu bildirdik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Yaxın zamanda Ermənistanın cavabı bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq”.

Buradan da bir daha aydın olur ki, rəsmi Bakı İrəvana şərtlərini təqdim etdikdən qısa zaman sonra Rusiyanın Ukrayna cəbhəsində başının qarışdığından istifadə edən erməni baş nazir Avropadan imdat diləyi ilə Minsk Qrupunun üç həmsədrindən biri olan Parisdən lazımı dəstəyi alacağını ümid edərək Fransaya səfər etmək variantını seçib. Əslində Paşinyanın Qərbmeyilli olduğu heç kimə sirr deyil. Moskvanın başının özünə qarışmasından istifadə edən rəsmi İrəvan bunu “tarixi şans” hesab edərək Azərbaycanla danışıqlara məhz Qərbdən dəstək almaq sevdasını gizlədə bilmədi. Əslində Fransa da 44 günlük müharibədən sonra Azərbaycanın regionda geosiyasi düzəni dəyişməsindən sonra Cənubi Qafqazdakı proseslərə yenidən müdaxilə imkanı əldə etmək üçün bir fürsət axtarırdı. Bu, Paris üçün lap göydən düşmə oldu.

Buradan da Paşinyanın Fransa səfərinin detalları açıq-aydın aşkara çıxmış olur. Məlum olur ki, erməni baş nazir bölgədəki proseslərin növbəti fazalarında Qərbdən dəstək almaq, Bakını çıxılmaz vəziyyətə salıb, məğlub tərəfdən üstün tərəfə çevrilmək məqsədilə bu gün Ruisyaya qarşı birləşən kollektiv Qərbin gücündən Azərbaycana qarşı istifadə imkanı əldə etməyə çalışır. Bununla da ən pis halda Misnk Qrupunun yarıtmaz, ermənipərəst fəaliyyəti nəticəsində işğalın davam etdiyi 30 illik “təcrübəni” yenidən üçtərəfli bəyanatların icra edilməməsi istiqamətində xərcləmək məqsədi güdür. Ermənistan hərbi-siyasi rəhbərliyi beləcə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il (Soçi görüşü) üçtərəfli bəyanatlarının icrası prosesini müxtəlif manipulyativ addımlarla ləngitmək, zaman qazanmaq, rəsmi Bakının mövqeyini zəiflətmək məqsədilə yeni təxribat planlarını üzərində düşünməyin onlara fayda verəcəyi qənaətindədir.

Lakin İrəvan unudur ki, nə Azərbaycan həmin Azərbaycandır, nə də geosiyasi vəziyyət 2 il əvvəlki ilə eynidir. Artıq region dövlətlərinin və Qərbin istənilən məsələdə hesablaşdığı bir Azərbaycan var.

Bu məsələdə Türkiyənin mövqeyi də açıq və qətidir. İrəvan ilə münasibətlərin normallaşması istiqamətində əməli-praktiki addımlar atan Ankara dəfələrlə bildirib ki, bütün qərarlarımız Bakı ilə məsləhətləşdirilir. Türkiyə rəsmiləri Ankara-İrəvan münasibətlərinin normallaşdırılması məsələsində Bakının da maraqlarının nəzərə aldığını açıq şəkildə qarşı tərəfə bəyan ediblər. Bu o deməkdir ki, İrəvan Bakının şərtlərindən yayınmaq üçün yeni imkan axtarışına çıxarsa, yeni manipulyasiya cəhdləri edərsə Ermənistanın Türkiyə ilə münasibətləri başladığı yerdə qalacaq. Yəni Türkiyə ən yaxın müttəfiqi olan qardaş Azərbaycanın maraqlarından kənara çıxmaq fikrində deyil. İrəvan ya bunu nəzərə alacaq, ya da regiondakı vəziyyəti daha da ağırlaşacaq.

Türkiyə ötən gün bir daha Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsi məsələsi ilə bağlı danışarkən “Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün üçüncü tərəfə ehtiyac yoxdur” açıqlaması ilə Ankranın qəti mövqeyini bir daha ortaya qoydu. Eyni addımı biz Türkiyə Prezident Administrasiyasından da müşahidə etdik: “Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplərini qəbul etməlidir”. Bu bəyanatlardan bir daha aydın olur ki, Ankarada da İrəvanın özünə yeni himayədar, ağa axtarışında olduğu, Azərbaycanın şərtlərindən yayınmaqla regiondakı gərgin vəziyyəti saxlamaq niyyətindədirlər. 44 günlük müharibədən əvvəlki ritorikasının dəyişmədiyi açıq hiss edilən Ermənistan rəhbərliyi daşı ətəyindən atmazsa, yenidən, amma daha sərt şəkildə cəzalana bilər. Çünki rəsmi Bakının İrəvana təqdim etdiyi sənəddə qeyri-adi, hər hansı bir qeyri-bərabərlik, hüquqazidd qərardan söhbət gedə bilməz. Ona görə ki, göndərilən 5 maddəlik təklif sənədi beynəlxalq hüququn və dövlətlərarası əlaqələrin təməl prinsipləri ilə uyğunluq təşkil edir.

İrəvanın Bakının şərtinə şərtlə çıxış etməsi, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycanın təqdim etdiyi sənədi qəbul etməkdən imtina etməsi mənasını da daşıya bilər. Çünki Ermənistan Qarabağın “statusu” məsələsinin söhbət mövzusu olmasına Azərbaycanın heç zaman imkan verməyəcəyini yaxşı bilir. Beləcə Ermənistan eyni zamanda sülh müqaviləsinin imzalanması məsələsini yubatmaqla, yeni təxribatlara yol açmaq niyyətini gizlədə bilmir. Görünür, Paşinyan Parisdən himayə olunacağı qarşılığnda Azərbaycanın tələbi qarşısında geri çəkilməmək öhdəliyi götürüb. İrəvanın Fransa qarşısında hansı öhdəliyi götürməsi rəsmi Bakı üçün heç bir önəm kəsb etmir. Çünki Azərbaycan dövlət başçısı və digər hökümət nümayəndələri müxtəlif platformalardan açıq şəkildə bəyan ediblər ki, ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə yenidən güc amili ön plana çıxacaq.

İrəvan Qərbin vədlərinə bel bağlamazdan əvvəl Ukraynadakı olaylara yenidən nəzər salsa daha yaxşı olar: Ukrayna və Rusiyanın müharibəyə hazırlıq görməsi üçün Qərb, ABŞ öncə əlindən gələn hər şeyi etdi. “Müharibə başlayarsa, biz bu müharibədə iştirak etməyəcəyik” deməklə Rusiyanı oyuna gətirdilərsə, Kiyevə də Rusiya ilə müharibə başlayacağı təqdirdə bütün hərbi imkanlarını onların ixtiyarına vermək vədi ilə Ukraynanı odun-alovun içinə atmış oldular. O ki, məsələ Ukraynanın müdafiəsinə, ona hərbi yardım, Rusiyaya fiziki müdaxilə mövzusuna gəldi, nə Qərb gözə dəydi, nə də savaşdan öncəki vədləri təkrar eşidildi. Bununla da bir daha anlaşıldı ki, Fransa, ABŞ və digər Qərb mərkəzləri üçün dost, tərəfdaş, müttəfiq anlayışı yoxdur, onlar üçün ancaq şəxsi maraq amili var.

Göründüyü kimi, Qərb Ermənistana yenidən şirin vədlər verməklə bölgədə gərgin vəziyyəti sabitlik, sülhlə əvəz etməyə mane olmağa çalışır. Beləcə yeni müharibəyə zəmin hazırlamış olurlar ki, nəhayət Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması ilə Cənubi Qafqazda mövcudluqlarını təmin etsinlər. Amma regionun öz ağaları var. Nə Azərbaycan, nə də Türkiyə ərazi bütövlüyümüzə təhdid olacaq hər hansı prosesə göz yummaq fikrində deyil. Şuşa Bəyannaməsi də bunu özündə ehtiva edir. İrəvan bu məsələlərdən nəticə çıxarmazsa, aqibətini indidən düşünə bilər.

Milli.Az