Rusiya ordusunun geri çəkilməsi: əsl biabırçılıq – SƏBƏBLƏRbackend

Rusiya ordusunun geri çəkilməsi: əsl biabırçılıq – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada aparldığı müharibə prosesində sentyabrın 6-dan bəri yaşanan hadisələr, xüsusilə də rusiyalıların Xarkov vilayətini tələsik, qaçaraq tərk etmələri ilk baxışdan gözlənilməz təsir bağışlayır.

Rusiyanın Müdafiə Nazirliyi bu paradoksu “İzyum və Balakleya şəhərlərindəki ordu qruplaşmasının mütəşəkkil şəkildə Donetskə doğru yerdəyişməsi, yenidən qruplaşması” kimi izah etməyə çalışır.

Lakin rusiyalıların Balakleya, İzyum və Kupyansk şəhərlərini biabırçı şəkildə, qaçaraq tərk etməsini sadəcə, ukraynalılar yox, bütün dünya sosial şəbəkələr və media vasitəsilə izlədi.

Bundan başqa, rusiyalıların atıb getdikləri hərbi texnika və sursat, əsir düşən rusiyalı hərbçilər – gegabaytlarla videomaterial sosial şəbəkələrdə ildırım sürətilə yayıldı.

İndiyə olan son məlumatlara görə, Rusiyanın Müdafiə Nazirliyi Oskol çayı və Oskol su anbarının sahilləri üzrə cəbhə xəttini nizamlaya bilib.

Ukrayna hərbçiləri isə Xotomlya yaşayış məntəqəsi yaxınlığında Şimali Donets çayını keçərək Volçansk və Krasnıy Liman şəhərləri istiqamətində irəliləyiblər.

Rusiyanın Belqorod vilayəti ilə sərhəd məkanda Ukrayna vətəndaşlarından ibarət böyük növbə tıxac yaradıb. Həmin şəxslər Xarkov vilayətində rusiyalılar olanda onları gül-çiçəklə qarşılayanlar, habelə işğal administrasiyaları ilə əməkdaşlıq etmiş adamlardır.

Bu adamları Rusiya ərazisinə sürətlə buaxmağa sərhəddəki nəzarət-buraxılış məntəqələrindəki rəsmi prosedurlar imkan vermir. O adamların Xarkov vilayətində qalması isə həbslər deməkdir, çünki Ukrayna vətəndaşları olsalar da, Ukraynaya xəyanət ediblər.

İş o yerə çatıb ki, Loqaçyovka kəndinin yaxınlığındakı sərhəd-buraxılış məntəqəsinə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov gedib, problemi həll etməyə çalışıb. Alınmayıb, çünki sərhədçilərlə gömrükçülərin rəhbərliyi başqa şəxslərdir.

Rusiyanın son günlərdə məruz qaldığı məğlubiyyətin əsas səbəbkarları general paqonlu hərbçilərin yarıtmaz fəaliyyətidir. Məhz onlar Balakleya yaxınlığında ukraynalıların iri zərbə qruplaşması formalaşdırdığını görmədilər, görsələr də anlamadılar. Halbuki sentyabrın əvvəlində həmin istiqamətə Ukrayna ordusunun və təhlükəsizlik strukturlarının ən hazırlıqlı, ən döyüşkən hissələri cəmləşməyə başlamışdı.

Bunca böyük qruplaşmanı Rusiya kəşfiyyatı görməyə bilməzdi.

Görürdü, amma təhlükənin real miqyasını dəyərləndirə bilmirdi.

Xarkov istiqamətində rusiyalıların mövqeləri pis deyildi. Uzunmüddətli müdafiə məntəqələri hazırlanmış, beton kaponirlər tikilmiş, kilometrlərlə uzunluqda səngərlər qazılmış, mina sahələri yaradılmışdı.

Sentyabrın əvvəllərinədək həmin istiqamətdə zirehli texnikalarla təmin olunmuş batalyon-taktiki qruplar vardı. Lakin həmin Ukrayna ordusunun əks-hücumunun ilk mərhələsi başlayanda Rusiyanın Müdafiə Nazirliyi həmin birləşmələri təcili olaraq Xerson vilayətinə, Dnepr çayının sağ sahilinə yolladı.

Xarkov vilayətindəki möhkəmləndirilmiş mövqelərə isə səfərbərlik nəticəsində yığılanlar, “könülülər”, həbsxanalardan orduya “çağırılanlar”, Donetsk və Luqansk vilayətindəki separatçı rejimin “Xalq Milisi” adlandırılan başıpozuq dəstələri yerləşdirildi.

Bu adamların tam əksəriyyəti ömürlərində ilk dəfə əllərinə avtomat almışdılar.

Rusiyalı generallar onları ön cəbhəyə göndərmək niyyətində deyildilər: “mobik”lər arxa cəbhədə blok-postlarda durmalı, komendant xidmətinə cəlb olunmalı idilər.

Xerson, Donetsk və ya Uqledar istiqamətlərindən fərqli olaraq Xarkovdakı cəbhə xəttini rusiyalılar az qala “kurort” sayırdılar. Çünki burada istər ukraynalılar, istərsə də rusiyalılar hücum əməliyyatlarına can atmırdılar.

Rusiyanın kütləvi informasiya vasitələrindəki propaqanda isə həmişəkindən daha bərbad oldu.

Belə ki, Rusiyanın bütün federal telekanallarında ən çox yükgötürmə qabiliyyətinə malik Mi-26 yük helikopterlərinin görüntüləri nümayiş olundu. Helikopterlər Xarkov vilayətindəki məkanlardan birində tarlaya endilər, zirehli texnika və şəxsi heyəti “boşaltdılar”.

Deyildi ki, bu texnika ilə hərbçilər ukraynalıların Kupyansk və İzyum şəhərlərinə hücumlarının qarşısını almaq üçündür.

Görüntülər Rusiya ordusundakı başıpozuqluqdan xəbər verir. Belə ki, düşmənin əsas zərbəsi istiqamətində şəxsi heyətlə texnikanın helikopterlərlə daşınması yalnız bir məqamdan xəbər verir – həmin istiqamətdəki vəziyyət sürətlə pisləşir, adi avtomobil nəqliyyatı ilə ehtiyat qüvvələri daşımaq mümkün deyil.

Bu, artıq əsl biabırçılıq idi.

İndi Rusiyada bu rüsvayçı qaçışın səbəbkarları axtarılır. Təbii, həmişə olduğu kimi, orta və kiçik rütbəli hərbçilər cəzalanacaq, Ukrayna ordusunun irəliləyişinin qarşısını ala bilməyənlər kənarda qalacaq.

Halbuki Rusiya qoşunlarının 120 günə zorla işğal etdikləri əraziləri ukraynalılar cəmi 5 gündə (!) azad etdilər.

Xarkovdan qaçış rusiyalıların işğal etdikləri Xerson, Zaporojye vilayətlərində “referendum” keçirmək planlarını da pozub.

Kreml həmin aksiyaları təxirə salıb.

Bundan sonra nə olacaq?

Ukrayna ordusu Liman şəhəri yaxınlığındakı plasdarmdan istifadə edərək Luqansk vilayətinin içlərinə doğru, Svatovo, Starobelsk və Rubejnoe istiqamətinə doğru hərəkət edəcək. Məqsəd yayın ortalarında əldən verilmiş əraziləri azad etməkdir.

Ukrayna Silahlı Qüvvələrinin digər ambisioz planı Volçansk, Veliki Burluk və Kupyansk ətrafını bütünlüklə rusiyalılardan azad etməkdir.

Rusiya isə Oskol və Şimali Donets çayının sağ sahillərində müdafiəni möhkəmləndirməyə, ukraynalıların Liman ətrafındakı plasdarmının genişlənməsinə imkan verməməyə çalışacaqlar.

Ukrayna ordusunun yay ayları ərzində topladığı ehtiyatlar və malik olduğu əks-hücum potensialı isə hələ tükənməyib.


Milli.Az