“Ukraynanın Xarkov əməliyyatı tarix dərsliklərinə yazılacaq  böyük uğurdur”- Əgər belə davam edərsə…backend

“Ukraynanın Xarkov əməliyyatı tarix dərsliklərinə yazılacaq  böyük uğurdur”- Əgər belə davam edərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən 6 ay ərzində Ukrayna komandanlığının əsas taktikası buna yönəlmişdi ki, düşməni mümkün qədər ağır itkilərə məruz qoysun, taqətdən salsın. Beləliklə də onun hücum potensialını tükəndirsin”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şahin Cəfərli bildirib.


Onun sözlərinə görə, müharibə müddətində Ukrayna ordusu Rusiyaya qarşı cəbhədə çox ciddi müqavimət göstərdi:

“Rusiyanın da həm canlı qüvvə, həm də texnika baxımından ağır itkiləri oldu. İyul ayında Luqansk vilayətinin bir neçə şəhərinin işğal olunmasından sonra, artıq Rusiya ordusunun hücum imkanlarının tükənməyə başladığı müşahidə olundu. Ukrayna ordusunun “düşməni tükəndirmə” taktikasının nə qədər düzgün olduğu ortaya çıxdı. Ukrayna komandanlığı da çox yaxşı  kəşfiyyat məlumatları əldə edir. Həm Ukrayna hərbi kəşfiyyatı çox yaxşı işləyir, həm də Ukraynanın Qərbdən olan müttəfiqləri xüsusən də Amerika və Britaniya Ukraynaya müntəzəm olaraq qiymətli kəşfiyyat məlumatları ötürür. Ukrayna komandanlığı cəbhədəki vəziyyətdən xəbərdar idi.
Aktiv müdafiə döyüşlərinin aparılması ilə paralel Ukrayna qismən səfərbərlik də elan etmişdi. Ötən aylarda həmin xidmətə çağırılan hərbiçilərin təlimləri keçirildi. Eyni zamanda, yeni hərbi hissələr formalaşdırılır, Qərbdən gələn silah-sursatla təchizatı həyata keçirildi. Bütün bu proses başa çatdıqdan sonra artıq Ukrayna komandanlığı bu yeni qüvvələri cəbhə xəttinə göndərməyə başladı. Bu uğurlu əks-hücum əməliyyatlarında da məhz yeni cəlb olunan hərbi hissələrin böyük rolu oldu”.

Politoloqun fikrincə, hazırda cəbhə xəttində təşəbbüs Ukraynanın əlinə keçib:

“Hələki qələbənin qazanıldığını deyə bilmərik. Amma çox ciddi uğurların əldə olunduğu göz önündədir. Ukrayna ordusunun Xarkov əməliyyatı tarix dərsliklərinə keçəcək çox böyük uğurdur. Bu uğur müharibədən sonra istər Ukraynanın, istərsə də dünyanın hərbi məktəblərində öyrədiləcək. Həqiqətən çox məharətlə hazırlanıb, həyata keçirilmiş hücum əməliyyatıdır. Hal-hazırda Donbass istiqamətində də uğurlu hücum həyata keçirilir. Ukrayna ordusu bu hücumlarını davam etdirəcək və yaxın həftələrdə Donbass istiqamətində çox ciddi uğurlar əldə oluna bilər.
Digər uğur əldə olunacaq ərazi isə Xerson istiqamətidir. Xüsusən də Xerson vilayətinin qərb hissəsində belə bir vəziyyət yaranıb ki, Rusiya ordusunun 20-25 minlik qüvvəsi faktiki təchizatsız qalıb. Ukrayna bütün körpüləri sıradan çıxardaraq Rusiya ordusunun təchizatını sıradan çıxardıb”.

Şahin Cəfərli qeyd edir ki, rusların qarşısında 3 yol var:

“Birincisi, imkan daxilində çay vasitəsilə qaçıb sol sahilə keçmək. İkincisi, sağ qalmaq istəyirlərsə təslim olmaq. Üçüncüsü isə, döyüşüb məhv olmaq. Onların hər hansı bir xilas perspektivi görünmür. Yəni bu o deməkdir ki, Ukrayna ordusu yaxın həftələrdə Dneprın sağ sahilini də azad edəcək. Bununla da Xersonda Ukraynanın çox ciddi uğuru gözlənilir. Rusiya Xersonda da məğlub olarsa, artıq müharibəni davam etdirmək imkanı da olmayacaq. Rusiya komandanlığının cəbhə xəttinə yeni qüvvələr göndərmək imkanı yoxdur. Rusiya bu müharibədə Quru qoşunlarının 80%-ni istifadə edib. Bu yalnız o halda mümkün ola bilər ki, Moskva ümumi səfərbərlik elan etsin. Amma bu həm siyasi baxımdan problemli məsələdir, həm də uzun sürən prosesdir. Çünki Rusiya prezidenti Vladimir Putin bu əməliyyatın adını “xüsusi hərbi əməliyyat” qoyub. Bunu müharibə adlandırmır. Bu hərbi əməliyyatlarda yalnız mövcud olan ordu heyəti iştirak edir. Səfərbərliyə gedə bilmir. Əgər səfərbərlik elan edilərsə, bu Rusiya ərazisində, xüsusən regionlarda sosial çaxnaşma yarada bilər. İnsanların kütləvi etirazları yaranar, hakimiyyətə narazılıq ciddi şəkildə arta bilər. Bu da ölkə daxilində siyasi sabitliyi pozulmasına səbəb olar. Məhz bu səbəbdən Rusiya rəhbərliyi səfərbərlik etmək istəmir”.

//Safura Bənnayeva, Editor.az