Lina Vaytkyaviçene: “Azərbaycan Xəzər regionunda bir çox ölkələr üçün strateji tərəfdaş imicini möhkəmləndirib”backend

Lina Vaytkyaviçene: “Azərbaycan Xəzər regionunda bir çox ölkələr üçün strateji tərəfdaş imicini möhkəmləndirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xəzər regionunda təkcə Rusiyanın yox, həm də Avropanın və istənilən digər ölkənin strateji tərəfdaşıdır.

Bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Moskva-Bakı telekörpüsü zamanı “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene deyib.

O deyib: “Bu ilk növbədə özünü etibarlı tərəfdaşı qismində təsdiq etmiş Azərbaycan rəhbərliyinin nüfuzu sayəsində mümkün olub. Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit və təhlükəsiz ölkədir”.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi nailiyyətlərinin əsası iri investisiyalar və enerji sektorudur. 2018-ci ildə Azərbaycan qazının Cənubi Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin açılışı olub:

“Bu, böyük tarixi nailiyyətdir və regionun enerji xəritəsini dəyişməklə Azərbaycan xalqını uzun illər sabit gəlirlə təmin edəcək”.

L.Vaytkyaviçene qeyd edib ki, son 15 il ərzində Azərbaycan infrastrukturun inkişafına, avtomobil və dəmir yollarının, aeroportların, elektrik və qaz şəbəkələrinin modernləşdirilməsinə və tikilməsinə iri investisiyalar qoyub:

“Əlamətdardır ki, bütün bu müsbət dəyişikliklər ölkənin bir çox regionunu əhatə edib. Bu gün Azərbaycan regionda yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Bu, gələcəkdə ona nəqliyyat qovşağı olmağa imkan verəcək”.

Neft qiymətlərinin kəskin düşdüyü 2015-ci ili xatırlayarkən agentliyin direktor müavini bildirib ki, Azərbaycan iqtisadiyyatı şaxələndirmək üçün çox şey edib:

“Ölkədə gömrük, vergilər və digər sahələrdə çoxlu sayda islahatlar keçirilib. Bütün ölkə boyunca sənaye zonaları, parkları yaradılıb. Təkcə 2018-ci ildə bu zonalarda 11 mindən çox iş yeri açılıb. Bütün bu işlərin nəticəsi kimi ölkədə qeyri-neft sənayesi 9 faizdən çox artıb”.

O həmçinin, kənd təsərrüfatı və turizm sahəsində baş vermiş dəyişiklikləri qeyd edib:

“Azərbaycan iqtisadiyyatının ən vacib sahələrindən biri kənd təsərrüfatıdır. Bu sahədə görülən işləri qeyd etmək istərdim: kənd təsərrüfatı texnikası yenilənib, yeni texnologiyalar alınıb, güzəştlər verilib. Bu sahədə görülən işlər 2018-ci ildə bu sektorun 4,6 faiz artmasına gətirib çıxardı”.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın turizm sektoruna qoyulmuş investisiyalar, eləcə də keçirilmiş islahatlar bu sahənin sürətli inkişafını təmin edib:

“2018-ci ildə Azərbaycana 3 milyona yaxın turist gəlib. Turizm sahəsi ölkəyə böyük gəlir gətirir, eləcə də yeni iş yerlərinin açılmasına xidmət edir”.

O bildirib ki, bu islahatlar Azərbaycana Dünya Bankının “Doing Business 2019” reytinqində 25-ci yerə yüksəlməyə imkan verib. Azərbaycan ən çox islahat keçirilən 10 dövlət sırasına daxil olub və ötən illə müqayisədə 32 qalxıb ki, bu da tarixi hadisədir:

“Dünya Bankının “Doing Business” reytinqinin tarixində bu cür nailiyyət olmayıb. Bu, bir daha Azərbaycanın iqtisadi inkişafının sürətini və potensialını göstərir”.

Onun sözlərinə görə Azərbaycanın sürətli iqtisadi inkişafı iqtisadi gücü, sabitliyi, təhlükəsizliyi və ən əsası Azərbaycan rəhbərliyinin siyasi nüfuzu ölkənin Xəzər regionunda bir çox ölkələr üçün strateji tərəfdaş imicini möhkəmləndirib.

//Editor.az