Erməni lobbisinin satın aldığı fransız mediası – Azərbaycana qarşı qərəzin səbəbibackend

Erməni lobbisinin satın aldığı fransız mediası – Azərbaycana qarşı qərəzin səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa mediası erməni lobbisi və Yelisey sarayından aldığı tapşırıqlara uyğun olaraq Azərbaycana qarşı qərəz, riyakar mövqe sərgiləməkdə davam edir, birtərəfli, qərəzli materiallar yayır, anti-Azərbaycan mövqe ortaya qoyur, faktları saxtalaşdırır. Məsələn, sifarişli yazılar yazmaq üzrə ixtisaslaşan “Le Fiqaro”nun ardınca, “Le Point” nəşri qərəzli material hazırlayıb, Azərbaycanı Fransaya qarşı irimiqyaslı informasiya hücumu təşkil etməkdə günahlandırmağa çalışıb. Nəşr Emmanuel Makron hökumətindən gələn tapşırıq, tezis əsasında cəfəng bir iddia ortaya qoyub. Guya Azərbaycan yeni müharibəyə hazırlaşır. “Erməni hərbçiləri yeni müharibə təhlükəsi səbəbindən döyüş hazırlığı vəziyyətinə gətirilib” – nəşr iddia edib. Bu iddia hətta erməniləri də təəccübləndirib. İki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların getdiyi bir ərəfədə belə riyakar və çirkin mövqe ortaya qoyulmasını şəksiz qərəzin pik həddi adlandırmaq olar.

Nəşrin başqa bir iddiası da ondan ibarətdir ki, Bakı ermənilərə Yelisey sarayından olan hərbi və siyasi dəstəklə bacara bilmədiyindən Parisə qarşı irimiqyaslı informasiya hücumu təşkil edib. Bəllidir ki, heç bir informasiya hücumundan söhbət gedə bilməz. Bakı nə keçmişdə, nə də indi heç bir dövlətin daxili işinə qarışıb, əksinə Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünün tərəfdarı olub. Azərbaycan təcavüzə məruz qalan dövlət olub. Rəsmi Bakının İkinci Qarabağ müharibəsi və ötən il sentyabr ayında birgünlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünü təmin etməsindən sonra başda Fransa olmaqla anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı çirkin və qərəzli kampaniyaya start verdilər. Fransız nəşri də yəqin bunu bilməmiş deyil, sadəcə aldıqları tapşırıq və tezislər onları obyektiv mövqe ortaya qoymaqdan çəkindirir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən həftə yerli telekanallara verdiyi müsahibədə Azərbaycanı dünya miqyasında güclü ölkələr sırasında göstərib. Dövlət başçısı bəyan edib ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Lakin daxili və xarici problemlərin içində çabalayan Qərb dövlətləri, xüsusən də Avropa İttifaqı və onun əsas üzvlərindən olan Fransa bu reallıqla heç cür barışa bilmir. Bütün fəaliyyəti Ermənistanı Azərbaycana qarşı yönəltmək, bu ölkədəki revanşist qüvvələri yeni müharibəyə çəkməyə yönəlib. İndi də, Bakıya qarşı qərəz və ikili standartlardan çıxış edən rəsmi Paris nəzarətində olan media vasitəsilə ölkəmizi hədəfə alıb.

Birincisi, Bakı heç vaxt başqa ölkənin daxili işlərinə qarışmayıb. Prezident İlham Əliyev də qeyd edib ki, Fransa ilə Azərbaycanın münasibətləri 30 ilə yaxın dövr ərzində kifayət qədər normal olub. Hətta rəsmi Bakı Parisin yalvarışlarından sonra onun ATƏT-in Minsk qrupunun həmsədr dövlət kimi özünü ora dürtməsinə qarşı çıxmayıb. Otuz il həmsədr dövlət kimi Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına çalışdığı görüntüsü formalaşdırıb.

İkincisi, gərginliyin yaranmasının səbəbkarı Azərbaycan deyil, Emmanuel Makronun idarə etdiyi ölkədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Bu, təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edilir. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər – bunun da nə ilə nəticələndiyini hamımız müşahidə görürük.

Üçüncüsü, fransız tərəfinin diplomatiya və beynəlxalq siyasət nöqteyi-nəzərindən özünü qeyri-korrekt apardığını digər mühüm bir fakt sübut edir. Söhbət Azərbaycandan Qarabağ separatçıları və terrorçularının rəhbərlərini azad etməyi tələb etməsindən gedir. Günlərin birində onları “siyasi məhbus” kimi qələmə verərlərsə buna təəccüblənmərik.

Dördüncüsü, şübhəsiz ki, Makron və komandasını özündən çıxaran Azərbaycanın müstəmləkəçiliyə qarşı başlatdığı prosesdir. Qoşulmama Hərəkatı çərçivəsində keçirilən tədbirlər, qəbul edilən qərarlar təsirsiz ötüşmür. Fransanı da özündən çıxaran budur. Məhz rəsmi Bakının effektiv təbliğatının nəticəsində keçmiş müstəmləkələrdə etiraz aksiyaları start götürdü və Nigerdə, Qabonda, yeni Kaledoniyada yaşananlar da bunun təsdiqidir.

Ermənistan isə sadəcə bu proseslərdən dərs çıxarmalıdır. Bu ölkə üçün çıxış yolu Fransanın riyakar planlarını reallaşdırmaq yox, sülh prosesinə qoşulmaqdır. Xarici və daxili siyasətdə uğursuzluqları davam edən Makron hakimiyyəti Ermənistana yaxşı nə vəd edə bilər? – müharibə, səfalət, gərginlik. Rəsmi İrəvan da bu gün Fransanın düşdüyü rəzil durumu qiymətləndirməyi bacarmalıdır. Reallıq isə odur ki, Fransa ciddi dövlət imicini itirmək üzrədir. Ölkə artıq çoxdan “demokratiya və insan haqlarının qoruyucu” funksiyasını itirib, bərpası üçün isə illər gərəkdir.

REPORT