İranın verdiyi reaksiyalar emosional xarakter daşıyır- Politoloqbackend

İranın verdiyi reaksiyalar emosional xarakter daşıyır- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğal dövründə də, ondan sonra da Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edilərək İran tırları qanunsuz olaraq Qarabağ bölgəsinə gedirdi. Cəmi 25 min adam yaşayan bölgəyə bu qədər tırın getməsi elə də həyati əhəmiyyətli məsələ olmasa da təbii ki, altında yatan digər məqamlar mövcuddur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

O, bildirib ki, Azərbaycanın sərhəd yaxınlığında hərbi təlimlər keçirilməsinə gəldikdə isə təbii ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər:

“Lakin cənab Prezident İlham Əliyevin də Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində qaldırdığı legitim sual kimi İranın ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə yerləşdiyi zaman deyil, 30 ildən sonra işğala son qoyulduqdan sonra təlimlər keçirməsi Azərbaycan cəmiyyətində və bütün dünya azərbaycanlılarında haqlı və əsaslı suallar doğurur. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan hər bir məsələdə də olduğu kimi bu işdə də olduqca məsuliyyətli və təmkinli davranır. Azərbaycanın atdığı addımlar legitim addımlardır, bu addımlara verilən reaksiya isə emosional xarakter daşıyır. Azərbaycanın bütün region ölkələrindən bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmasını gözlədiyi bir məqamda ümid edirik ki, bu addımlar müvəqqəti olacaq”.

Siyasi analitikin sözlərinə görə, hər bir dövlət xarici siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilən zaman digər bir dövlətlə ikitərəfli ya da çoxtərəfli zəmində münasibətlər qurarkən hansısa bir dövlətə, dövlətlərə daha yaxın ola bilmə reallığının normal olması faktı mövcuddur:

“Azərbaycan və Türkiyənin bir-biri ilə daha yaxın əlaqələr qurması, hər iki dövlətin ikitərəfli münasibətlərini daha da inkişaf etdirərək dərinləşdirməsi digər ölkələr kimi onların da müstəsna hüququndan doğur. Bu baxımdan da Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir. Bölgədə yeni yaranmış reallıqlar kontekstində Türkiyə və Azərbaycan bütün regional üçtərəfli əməkdaşlıq formatlarında aparıcı ölkələrdir. Bu əməkdaşlıq formatlarına bütün region ölkələrini də dəvət edib, çünki nə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi, nə də təklif olunan heç bir format üçüncü ölkələrə qarşı yönəlməyib. Bununla yanaşı, Azərbaycan prinsipial məsələlərdə qətiyyət, siyasi iradə nümayiş etdirməklə öz mövqeyini bütün regional və regiondan kənarda olsa da burada siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bütün aktorlara bildirir. Azərbaycan gələcəyə sülh prizmasından yanaşır, bir daha müharibə olmasını istəmir. Bu baxımdan da bölgədə qalan erməni vətəndaşlarına gəldikdə, dövlətimiz onları Azərbaycan vətəndaşları hesab edir və onların reinteqrasiyasında maraqlıdır. Yetər ki, onlar öz yaxalarını həm erməni təbliğatından, həm də kənar meyillərə aldanmaqdan qurtarsınlar”.

//Gülnarə Abasova, Editor.az