Özünə qarşı yaratdığı aqressiya İrana baha başa gələcək: “Bir çox güclər İranı dağıtmaq üçün fürsət axtarırlar”- Şərhbackend

Özünə qarşı yaratdığı aqressiya İrana baha başa gələcək: “Bir çox güclər İranı dağıtmaq üçün fürsət axtarırlar”- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb. Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin indiki təlimləri qonşu İranla artan gərginlik fonunda keçirilir. Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. Onların sayının 4 mindən çox olduğu bildirilir.

Mövzu ilə əlaqədar Editor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, Xəzərdə hər hansı təlim keçirmək Azərbaycan Respublikasının suveren hüququdur. Buna görə heç bir Xəzəryanı ölkədən icazə almayacaq. İran İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib və İran əvvəllər bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib:

” Katerlerin Xəzər dənizisinə yığılması, İranın Azərbaycanla sərhədə yeni hərbi qüvvə göndərməsi sadəcə şoudur. İran Azərbaycana qarşı müharibə başladacaq gücdə deyil. Azərbaycanın öz hərbi qüdrəti kifayət qədərdir və biz bunu Vətən müharibəsində sübut etdik. Azərbaycana qarşı hər hansı təxribat törədilərsə, Türkiyə və Pakistanla səssiz qalmayacaq. İran daha irəli getməyə cəhd etsə birbaşa  Türkiyənin hərbi zərbələrinə məruz qala bilər. Digər tərəfdən İsrail bizə hərbi texnoloji dəstək verəcək.  İran hakimiyyəti bütün bunları daha yaxşı bilir. Ona görə İran tərəfindən Azərbaycana qarşı açıq aqressiyadan söhbət belə gedə bilməz”.

Siyasi şərhçinin sözlərinə görə, dünyada bir çox güclər məhz İranı dağıtmaq və nüvə arsenalını və hərbi obyektlərini bombalamaq üçün fürsət axtarırlar:

” Bu güclərin başında isə İsrail gəlir. İsrail artıq İranın nüvə silahlarını əldə etməyinə bir ay vaxt qaldığını bildirib. Bu bir ay ərzində İranı dayandırmaq üçün onun hərbi müəssisələrini bombalayacağı deməkdir. İranın müttəfiqi kimi görünən Rusiya belə onun nüvə silahını belə tezliklə əldə etməsinin əleyhinədir. Belə bir vəziyyətdə özünə qarşı aqressiya yaratmaq İrana baha başa gələ bilər. Axrıncı dəfə belə bir səhvi Səddam Hüseyn Küveytə qarşı etmişdi. Küveyt çox balaca hərbi gücü olmayan bir ölkədir və oranı Səddam Hüseyn iki saata işğal etmişdi. Lakin ondan sonra 30 il İraq daim bombardmana məruz qaldı  və Küveytdən bütün hərbi texnikasını itirib çıxmalı oldu. Eyni aqibət İranı da gözləyə bilər. Lakin Azərbaycan Küveyt deyil və müdafiəsi kifayət qədər güclüdür”.

Turab Rzayev qeyd edib ki, İran bu cür əməlləri ilə bölgədə itirdiyi nüfuzunu geri qaytarmağa çalışır:

“Çünki İran bölgədə özünü Rusiyadan sonra ən güclü dövlət hesab edir. Lakin yaranmış yeni reallıqlar fonunda regionda Türkiyə və Rusiya əsas güc sahibinə çevrilib. Əslində biz İrana proseslərdən kənarda qalmaması üçün  “3+3” platformasına qoşulmağı təklif etdik. İran isə bunu qəbul etməməklə böyük səhvi etmiş oldu. İndi İranın iki seçimi var: Ya “3+3″ formatında bizim İrana təklif etdiyimiz rolla razılaşmalı, ya da ümumiyyətlə, bölgədəki proseslərə kənardan baxmalıdır. İndiki vəziyyətdə İran üçün ən ideal  variant bu altılıq platformaya qoşulmaqdır. İran bölgədəki nüfuzunu və təsir riçaqlarını itirib. Hətta Ermənistanda belə ona qarşı narazılıqlar var. İran öz ordusunu Zəngəzur ərazisinə salmaq istəyir və bu Ermənistanda narazılığa səbəb olub. Bununla bağlı Paşinyan Moskvaya rəsmi etiraz belə edib. İranın bu cür aqressiv davranışları ona qarşı yeni koalisiyanın yaranmasına və  hərbi hədəfə çevrilməsinə səbəb olacaq. Hesab edirəm ki, İran regionda yaranan yeni reallıqları nə qədər tez qəbul etsə, bu, onun gələcəyi üçün daha faydalı olacaq. İran gərək ona edilən jestləri vaxtında və doğru qiymətləndirsin ki, eyni aqibətlə bir neçə dəfə üzləşməsin. Çünki bu dəfə Suriyadakı proseslərdən kənarlaşdırıla bilər, eyni zamanda Qafqazda  təklənə bilər”.

//Gülnarə Abasova, Editor.az