Xəzər resursları uğrunda mübarizənin yeni mərhələsi başlayır: “Tehran Moskvanın dəstəyini gözləyir”backend

Xəzər resursları uğrunda mübarizənin yeni mərhələsi başlayır: “Tehran Moskvanın dəstəyini gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər dənizi geosiyasi müstəvidə maraqların toqquşduğu məkana çevrilib. Tehran Qərb şirkətlərinin Xəzərdə işləməsindən qıcıqlanır. İranı Türkiyənin Xəzərə çıxış əldə edə bilmək ehtimalı narahat edir. Son günlər Xəzər ətrafında gərginlik artıb”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Onun sözlərinə görə Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Xəzərdə birgə təlimlərinin keçirilməsi İranı daha da qəzəbləndirib:

“Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirilməsi bölgə üçün təhlükəlidir. İran əvvəllər də bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib. İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür”

Siyasi analitik bildirib ki, ABŞ-ın İran üzərinə qoyduğu sanksiyalarına rəğmən beynəlxalq, o cümlədən qərb şirkətləri bu ölkə ilə ticarəti davam etdirmək niyyətindədir:

“Avropa ölkələrinin və transmilli güclərin bölgədəki maraqları sanksiyaları yan keçərək İranın enerji layihələrində iştirakına imkan yarada bilər. İran kimi nəhəng bazarı itirən Avropadakı güclü dövlətlər və ABŞ arasında fikir ayrılıqları mövcuddur. İranı Xəzərin statusu məsələsində ən ağır oyunçu adlandırırlar. Lakin bir çox hallarda, o cümlədən Xəzərin statusu məsələsində Tehran Moskvanın təzyiqi ilə hərəkət etməli olur. Tehran bölgə siyasətində və enerji resurslarının istismarı və dünya bazarlarına çıxışı məsələsində Moskvanın dəstəyini gözləyir. Xəzər resursları uğrunda mübarizənin yeni mərhələyə keçdiyini deyə bilərik. Bölgədə təbii enerji daşıyıcılarının qaynaqları uğrunda mübarizə yeni və amansız mərhələyə girib”.

Azər Rəşidoğlu vurğulayıb ki, İran Azərbaycanı daim öz nüfuz dairəsində saxlamağa çalışır:

“Güclü və müstəqil Azərbaycan onların maraqlarına cavab vermir. Azərbaycanın Qərbə, habelə İsrailə yaxınlaşması Tehranın qıcığına səbəb olur. İran isə indiyədək dəfələrlə sübut etmək istəyib ki, o, özünün hətta ən absurd tələb və iddialarını da hər istənilən yolla davam etdirməyə hazırdır. Vaxtilə BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istədiyini bəyan edən kimi Tehran öz hərbi gəmilərini hərəkətə gətirmişdi. Səbəb sadə idi – bu ərazilərə İranın da iddiası var. Bunun ardınca İran hərbi-hava qüvvələri Azərbaycanın hava sərhədlərini müntəzəm şəkildə pozmağa başlamışdı. Eyni vəziyyət 2001-ci ilin avqustuna – Türkiyə “F-16″ları Bakı səmasında görünənə qədər davam etdi. O zaman Türkiyə Qərbin dəstəyi ilə Tehranın aqressivliyinin qarşısını aldı, ona öz yerini göstərdi. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının o zamankı rəisi İranı nəzərdə tutaraq açıqca bəyan elədi ki, ”Azərbaycana hücum edən önündə Türkiyəni görəcək””.

//Gülnarə Abasova, Editor.az