Gürcüstan XİN rəhbəri: GUAM ərazisindəki münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

16:30 | 8 Oktyabr, 2017

“GUAM ərazisində həll olunmamış mövcud münaqişələr beynəlxalq normalar və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Bunu bu gün Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında bəyan edib.
M. Canelidze deyib ki, GUAM ölkələrindəki münaqişələr təşkilat qarşısında əsas problemdir, münaqişələrin həll olunmaması regional təhlükəsizliyə təhdiddir: “GUAM-a üzv ölkələr təşkilatı dünyada etibarlı tərəfdaş kimi formalaşdıra biliblər. 20 il ərzində ölkələr siyasi və iqtisadi əməkdaşlıq sahəsində çətinliklər üzləşsə də, bu istiqamətlərdə işlər davam etdirilir. Hər nailiyyət davamlı səylər tələb edir. İnanıram ki, birgə əməkdaşlığı davam etdirərək GUAM-ı daha da güclü təşkilata çevirəcəyik”.
GUAM ölkələrinin iqtisadi əməkdaşlığına toxunan gürcü nazir azad iqtisadi zonaların yaradılması üzrə sənədin hazırlandığını nəzərə çatdırıb: “İlin sonuna qədər bu sahədə irəliləyişin əldə olunması gözlənilir”.
Nazir qeyd edib ki, GUAM-ın bundan sonra daha da möhkəmləndirilməsi istiqamətində tərəfdaş ölkələrlə sıx əməkdaşlıq davam etdirləcək.
//APA