Azərbaycanın KTMT- yə üzvlüyü indiki halda mümkün deyil- Politoloqdan sərt açıqlama- DETALLARbackend

“Azərbaycanın KTMT- yə üzvlüyü indiki halda mümkün deyil”- Politoloqdan sərt açıqlama- DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanın KTMT-yə üzvlük məsələsi Rusiya mətbuatında çox tez-tez gündəmə gətirilir. Eyni zamanda, Rusiyanın bir sıra siyasi və elm adamları da bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Anar Əliyev bildirib ki, Azərbaycan- Ermənistan arasındakı münaqişə başa çatsa da, hər iki ölkə ictimaiyyəti arasında diplomatik və psixoloji müharibə davam edir:

“Azərbaycanın KTMT-yə qəbulu məsələsi ilə bağlı səslənən fikirlər Azərbaycan cəmiyyəti ilə aparılan psixoloji müharibənin növbəti elementidir. Azərbaycanın əldə etdiyi uğurlar xüsusilə də, Türkiyə ilə birgə fəaliyyəti Ermənistan və ona havadarlıq edən bir sıra ölkələrdə, eləcə də Rusiya cəmiyyətində qəbul edilə bilmir. Eyni zamanda, şovinist rus dairələrində türk birliyinin yaranması istiqamətində atılmış addımlarla bağlı kəskin fikirlər səsləndirilir və Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmağa çalışırlar. Bu istiqamətdə ən uğurlu gediş kimi, Azərbaycanın KTMT-yə üzvlüyü qabardılır və heç bir praktik və hüquqi əsası olmayan fikirlər səsləndirilir “.

Politoloq qeyd edib ki, Azərbaycanın KTMT- yə qəbul məsələsi Azərbaycan cəmiyyətində də bir sıra mübahisələrə səbəb olub və bəzi siyasi ekspertlər bu təbliğatın təsiri altına düşərək bir sıra əsassız fikirlər səsləndirirlər:

“Mövzu ilə bağlı fikir bildirməzdən əvvəl KTMT-nin nizamnaməsi və ora üzvlüklə bağlı qaydalara nəzər salmaq lazımdır. İndiki reallıqlarda Azərbaycanın KTMT-yə üzvlük məsələsi mümkün deyil. Məqsədli şəkildə, yaxud prosesin mahiyyətini bilməyərəkdən səsləndirilən bu fikirlər cəmiyyətimizdə çaşqınlıq yaradır, yanlış fikirlərin formalaşmasına səbəb olur. KTMT-nin nizamnaməsində açıq şəkildə bildirilir ki, yeni üzvlüyə qəbul ediləcək dövlət üzv dövlətlərin vahid səsverməsi nəticəsində, heç bir dövlətin əleyhinə olmadığı və bitərəf qalmadığı şəraitdə üzvlüyə qəbul edilə bilər. Məlumdur ki, KTMT- üzvü olan Ermənistanla Azərbaycan arasında hələ də problemlər mövcuddur. Təşkilatın üzvü olan Ermənistan Azərbaycanın KTMT-yə üzvlüyünü qəbul etmək istəmir və bu addımı öz dövlətlərinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. KTMT-nin nizamnaməsindən irəli gələn bu şərtlərə əsasən Azərbaycanın KTMT- yə üzvlüyü indiki halda mümkün deyil”.

Anar Əliyev bildirib ki, KTMT-yə üzvlüyə qəbul proseduru hər bir üzv dövlətlə yeni qəbul ediləcək dövlət arasında normal münasibətlərin mövcudluğunu və qarşılıqlı iddiaların olmamasını şərtləndirir:

“Digər tərəfdən, məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları mövcuddur və bu iddialar da Azərbaycanın KTMT- yə üzvlük prosesini bir mənalı şəkildə mümkünsüz edir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, bunu xarici siyasətində prioritet kimi qəbul edən dövlət və mahiyyəti hərbi birlik olan heç bir təşkilata üzv ola bilməz. Bildiyimiz kimi, Azərbaycan bu hərəkatın ən aktiv üzvlərindən biridir. Dövlətimizin xarici siyasətində hərbi birliklərə münasibətdə yanaşma qoşulmama prinsipidir. Bu səbəblərdən Azərbaycanın KTMT- yə üzvlüyü mümkün deyil”.

Politoloqun sözlərinə görə, digər təklif olunan məsələlərdən biri də KTMT-də müşahidəçilik institutun yaradılması və Azərbaycanın burada müşahidəçi statusu ilə iştirak etməsidir:

“Bu təklifi irəli sürənlər başa düşür ki, Azərbaycanın KTMT-yə üzvlüyü mümkün olmayacaq, ona görə belə bir təkliflə çıxış edirlər. Ermənistanın Azərbaycana qarşı münasibəti və ərazi iddiası onun belə bir institutun yaranacağına dair səsverməyə qoşulmasına mane olur. Səsvermədə Ermənistan iştirak etməyəcəksə, bu məsələnin də hələ ki reallaşması mümkün deyil. Lakin hesab edirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olacağı, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı və nəticə etibarilə, dövlətimizə qarşı heç bir addiada olmayacağı şəraitdə KTMT-də müşahidəçi qismində iştirak etmək Azərbaycanın maraqlarına nəinki ziddir, əksinə, daha çox maraqlarımıza uyğundur. Lakin indiki halda Azərbaycanın nə KTMT- yə üzvlüyü, nə də müşahidəçi qismində iştirakı real deyil”.

//Gülnarə Abasova, Editor.az