Azərbaycanda tələbələri buna görə kəsirlər – SENSASİON AÇIQLAMAbackend

Azərbaycanda tələbələri buna görə kəsirlər – SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əgər universitetlər Boloniya sisteminə qoşulubsa, onun tələblərinə əməl etməlidirlər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Mütəxəssis bildirib ki, Boloniya sisteminə qoşulduqdan sonra tələbələrin müvafiq imtahan sessiyalarında kəsrləri yaranarsa, onlar məcburi olaraq ya alt qrupa, ya da yay məktəbinə müraciət etməlidir:

” Lakin biz burada Türkiyə universitetlərinin, Avropadaki Bolonya sistemi ilə idarə olunan digər universitetlərin modelindən də istifadə edə bilərik. Bu zaman tələbənin, növbəti semestrə qədər kəsrlərini tam bağlaması daha məqsədəuyğundur, o, digər semestrdə bu kəsrləri daşımamalıdır. Ortada fevral ayının 16-sına qədər imtahanları verəbiləcəyi kifayət qədər vaxt var. Bu aralıqda tələbəyə müəyyən şans yaratmaq mümkündür. Bunun tətbiqi həmçinin, təqaüd alan tələbələrin bu hüquqdan uzunmüddətli məhrum olması halının da qarşısını ala bilər. Bu hal yəqin, kimlərəsə sərf etmir ki, təqaüd ödəsinlər. Lakin burada bizə maraqlı olan məsələ o olmalıdır ki, tələbənin imtahan sessiyasından sonra kəsrlərini bağlaması vacibdir. Kəsrlər növbəti dövrə saxlanılmamalıdır. Universitet rəhbərliyi tərəfindən bu məsələnin nizamlanması mümkündür. Tələbələrə yenidən imtahan təşkil edib bu kəsrin aradan qaldırılması olduqca asandır”.

Elçin Əfəndi həmçinin tələbələrin kəsrləri öz istəyi ilə növbəti semestrdə bağlaya biləcəyini söyləyir:

“Əgər tələbənin bir fənni mənimsəməsində həqiqətən problem varsa, öz istəyi ilə bu kəsri növbəti semestrdə bağlamasında əlbəttə ki, bir problem yoxdur. Lakin biz müşahidə edirik ki, tələbələr həqiqətən yaxşı oxuduğu halda belə onların kəsrləri yarana bilir. Bəzən bu hal imtahanların qeyri-obyektiv yoxlanmasından irəli gəlir. Bu zaman tələbələrə 5 bala qədər şura tərəfindən güzəştin olunması da mümkündür, amma bəzi hallarda bu zaman belə tələbələrin xeyrinə qərar verilmir”.

Ekspert həmçinin, 25 faiz imtahanlarında universitetlərin maddi marağının olduğunu bildirib:

“Təəssüflər olsun ki, bu hal əsasən özəl universitetlərdə olsa da, bəzən dövlət universitetlərində də müşahidə olunur. Belə universitetlər tələbələrin kəsilməsi məsələsində buna görə maraqlıdır ki, onlar əlavə ödəniş əldə edirlər. Qrupun 50 faizi imtahandan kəsilibsə, artıq universitet imtahan keçirməyə borcludur. Əfsuslar olsun ki, bu halda universitetlərin maddi marağı ortaya çıxır. Əgər auditoriyanın 50 faizi kəsilibsə, deməli bu fənn mənimsənilməyib. Tələbələrə müvafiq şəkildə konsultasiyanın keçirilməsi və sonra da imtahanın yenidən təşkil olunması universitet tərəfindən təmin olunmalıdır. Əks halda görünən odur ki, burda maraq tələbənin təkrar kredit ödəməsidir və bu doğru yanaşma deyil. Bu tələbənin hüquqlarının əlindən alınması deməkdir. Təəssüf ki, tələbələr öz hüquqlarını bilmədikləri üçün belə hallar yaşanır. Əgər söhbət hüquq pozuntusundan gedirsə, bu haqda universitetin imtahan kommisiyasına, rektora, həmçinin Elm və Təhsil Nazirliyinə müraciət olunmalıdır. Tələbələrə hansısa bir haqsızlıq edilibsə, bununla bağlı müvafiq qurumlara müraciət olunması vacibdir. Lakin tələbələr qorxu amilini düşünərək müraciət etmirlər. Halbuki tələbə öz haqqını, hüquqlarını daim tələb etməlidir. Belə hal yarandıqda, Elm və Təhsil Nazirliyinin tərkibində olan Elm və Ali təhsil üzrə dövlət agentliyinə müraciət edilməsi mütləqdir”.