BMT-də sözümüzü deyəcəyimiz sessiyaya bu türk sədrlik edəcək – Volkan Bozkır dönəmi başladı…backend

BMT-də sözümüzü deyəcəyimiz sessiyaya bu türk sədrlik edəcək – Volkan Bozkır dönəmi başladı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 75-ci sessiyasına bir il türk diplomatının sədrlik etməsi Azərbaycanın bu yüksək tribunadan səsinin daha gur eşidilməsinə səbəb olacaq

Sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci- yubiley sessiyası öz işinə başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək. Pandemiya səbəbindən ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə – sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin  çıxışı isə sentyabrın 24-də yayımlanacaq. 75-ci sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer almışdır. Bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var.

Bu sessiyanın həm Türkiyə, həm də Azərbaycan üçün xüsusi özəlliyi də var. Çünki sessiya ərəfəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır vəzifəsinin icrasına başlayıb.

Qardaş ölkənin diplomatı BMT-nin mərkəzi qərargahında keçirilən mərasimdə 74-cü sessiyanın sədri Tijjan Məhəmməd Banddan vəzifəni təhvil alıb. 

Bozkır BMT Baş Məclisindəki çıxışında yeni növ koronavirus  pandemiyasının  BMT-nin 75-ci Baş Məclisi üçün hazırlanan planları dəyişdiyini bildirərək “bu gün maskalarımız bizə qarşı-qarşıya olduğumuz çox ciddi bir təhdidi, itirdiklərimizi,öhdəsindən gəlməli olduğumuz problemləri və hamımızın eyni gəmidə olduğumuzu xatırladır” deyib. Qlobal böhran olan pandemiyaya qarşı həmrəylik, əməkdaşlıq və beynəlxalq qurumlara inamı gücləndirmə mesajı verən Bozkır “Heç bir ölkə bu pandemiyanı təkbaşına məğlub edə bilməz. Sosial məsafə beynəlxalq səviyyədə kömək etməyəcəkdir. Birtərəfli addımlar yalnız pandemiyanı gücləndirir və bizi ümumi hədəfimizdən yayındırır. Belə böhran anlarında BMT-nin mərkəzdə olduğu çoxtərəfli əməkdaşlığa və beynəlxalq qurumlara inamı gücləndirmək ümumi məsuliyyətimizdir” deyə, o bildirib.
Musavat. com xatırladır ki, iyun ayında Baş Məclisdə 178 ölkənin dəstəyi ilə Türkiyədən BMT-nin Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən ilk türk diplomat Volkan Bozkır 2021-ci il sentyabr ayına qədər bu vəzifəni davam etdirəcək.

V.Bozkır bu vəzifəyə seçildikdən sonra Prezident  İlham Əliyev həm Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğana, həm də V.Bozkıra təbrik məktubları göndərib.

Azərbaycan Prezidentinin Rəcəb Tayib Ərdoğana  ünvanladığı məktubda bunları qeyd edib: “Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.”

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib - <font color=red>VİDEO</font>

Prezident İlham Əliyev  V.Bozkıra ünvanladığı məktubda Azərbaycanın həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı dönəm sədri kimi qardaş ölkənin yüksək vəzifəyə seçilmiş diplomatı ilə yaxından əməkdaşlıq etməyə, əlaqələri hərtərəfli genişləndirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, V.Bozkır 1950-ci ilin noyabr ayının 22-də Ankarada doğulub. O, zəngin siyasi və diplomatik karyeraya və təcrübəyə malikdirdir. Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri olub. 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinin  üzvü seçilib və  son vəzifəsi parlamentin xarici işlər komitəsinin sədrlik olub.  V.Bozkır Azərbaycan Xarici İşlər Nazirliyinin 100 illik yubileyinə həsr edilən medalla təltif edilib.

Azərbaycan inanır ki, onun sədrliyi dövründə BMT Baş Assambleyası təşkilat qarşısında duran önəmli qlobal məsələlərin həllinə öz töhfəsini verəcək və bu dövr BMT Baş Assambleyasının tarixinə uğurlu səhifə kimi yazılacaqdır. Əminik ki, siyasi və diplomatik fəaliyyətdə olan böyük bilik və təcrübəsi V.Bozkıra bu çətin dönəmdə 75-ci sessiyaya uğurla və inamla sədrlik etməyə və ciddi nəticələr əldə etməyə kömək edəcək.

Musavat.com