“Ermənistan mane olmasa, tezliklə sülh müqaviləsi bağlanacaq” – AÇIQLAMAbackend

“Ermənistan mane olmasa, tezliklə sülh müqaviləsi bağlanacaq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində çox böyük irəliləyiş var”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Ekspertin sözlərinə görə, qarşı tərəf münasibətlərin normallaşmasına mane olan addımlarından əl çəkərsə, tezliklə sülh müqaviləsinin imzalanacağını gözləmək olar. Tural İsmayılov hesab edir ki, sonuncu birgə bəyanat tərəflər arasında qarşılıqlı ehtimad yaratmaq və gələcəkdə yenidən qonşuluq şəraitində yaşamaq üçün münbit şəraitin yaranmasına təkan verən amillərdəndir:

“Azərbaycanın sülh istiqamətdə atdığı qətiyyətli və inamlı addımlar qarşı tərəfin provokasiyalarına baxmayaraq sülh prosesinin əldə edilməsinə böyük təkan verir. Təxribatlara rəğmən rəsmi Bakının qalib tərəf kimi diktə etdiyi şərtlər sülh müqaviləsinin imzalanacağı vaxtı bir qədər də yaxınlaşdırır. Xüsusilə sonuncu birgə bəyanat münasibətlərin düzəlməsinə təkan verəcək. Sülh müqaviləsinin imzalanması üçün çox böyük işlər görülür. Bütün bu addımlar sülh prosesini bölgə üçün kifayət qədər əlçatan edir. Əlbəttə Ermənistan tərəfi həmişə olduğu kimi sülh müqaviləsinə mane ola biləcək işləri davam etdirir. Hesab edirəm ki, rəsmi İrəvan əlavə şərtlər irəli sürsə belə bu ümumi durumu dəyişmək gücünə malik olmayacaq”.

Ekspert həmçinin Qarabağı öz istəkləri ilə tərk edən erməni sakinlərin ətrafında aparılan müzakirələrə də toxundu. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə ərazisində yaşayan erməni əhalinin təhlükəsizliyi üçün şərait yaradacağını deməsinə baxmayaraq onlar öz istəkləri ilə Qarabağı tərk ediblər:

“Qarabağdan gedən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə rahatlıqla bizim ölkədə yaşamaq imkanları olacaq. Rəsmi Bakı bunu daima bəyan edir. Qarabağın Azərbaycana qarşı cinayət törətməyən və vətəndaşlığı qəbul etmək istəyən sakinlərinin Azərbaycanın yurisdiksiyası altında yaşama imkanlarının mövcudluğunu hər zaman dövlətimiz dəstəkləyib. Hər halda sülh müqaviləsindən sonra istər qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dinc qayıtması məsələsi, istərsə də digər mövzular qarşılıqlı anlaşma yolu ilə öz həllini tapacaq”.

//Qasım Məmmədli, Editor.az