İranda yaşayan qırx milyon soydaşımız ayağa qalxarsa, nələr baş verəcək?-Sədrəddin Soltanla MÜSAHİBƏbackend

İranda yaşayan qırx milyon soydaşımız ayağa qalxarsa, nələr baş verəcək?- Sədrəddin Soltanla  MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dostluq münasibətlərinə qarşı İranın xəyanətləri davam edir. İran rəsmilərinin Azərbaycana qarşı əsassız ittihamları, açıq-aşkar bəyanatlarına artıq səbr etmək mümkün deyil. Prezident İlham Əliyev 4 oktyabr Cəbrayıl rayonunda Araz çayı sahilindən İran rəsmilərinin uydurma bəyanatlarına qarşı ciddi açıqlamalar verdi. Ölkə başçısı bildirdi ki,  bizim xoş niyyət göstərməyimiz o demək deyil ki, biz  özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq.

Mövzu ilə bağlı  “Orta doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas-politoloq Sədrəddin Soltan Editor.az-ın suallarını cavablandırıb.

– Sədrəddin bəy, Prezident İlham Əliyevin dünən Cəbrayılda Araz çayı sahilindən İran rəsmilərinin əsassız ittihamlarına qarşı verdiyi cavabları necə qiymətləndirirsiz?

-Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər İranın Azərbaycana qarşı etdiyi bütün çirkin əməllərə səbr edib. Lakin artıq İran həddini aşdığı üçün cənab Prezident bu məsələyə biganə yanaşmadı. Bu qədər də olmaz! İranın Azərbaycana qarşı sərgilədiyi mövqe nə müsəlmançılığa, nə də İrana göstərdiyimiz dostluq münasibətlərinə yaraşır. İran Azərbaycana qarşı əlindən gələn pisliyi edib və etməkdə davam edir. İndi Azərbaycana qarşı yeni əsassız ittihamlar irəli sürməyə başlayıb. Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində İran iş adamları, sürücüləri qanunsuz fəaliyyət göstərir. Gorus-Qafan avtomobil yolundan İran yük maşınlarının sürücüləri qanunsuz istifadə edir. İran hakimiyyəti bu məsələ ilə bağlı açıqlamalarında guya Azərbaycan ictimaiyyətini aldatmağa çalışır. İran Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdirib. Erməni tankları işğal olunmuş Azərbaycan ərazilərində İrandan tədarük olunmuş yanacaqla hərəkət edib. Ermənistan hərbçiləri İrandan Ermənistana göndərilən yardımlarla Azərbaycan torpaqlarında işğalını davam etdirib. İran 44 günlük müharibədə Rusiyadan Ermənistana ötürülməsi nəzərdə tutulan silahı Ermənistana keçirməklə Azərbaycana böyük xəyanət edib. İşğalçı ölkəni bir dəfə belə olsun tənqid etməməklə, əksinə ona dəstək olmaqla hər zaman Azərbaycana qarşı pis niyyətini gizlətməyib. Bu ölkənin vətəndaşlarını daşıyan təyyarə Qarabağda Ermənistanın işğalı altında olan ərazidə vurulduğu halda, İran tərəfi bir dəfə də olsun Ermənistana etirazını bildirmədi və bu cinayət işinin araşdırılmasına diqqət ayırmadı. Bununla həm işğalçı dövlətə, həm də Azərbaycan ərazisində mövcud olan separatçı qüvvələrə yardımını əsirgəmədi. İran Ermənistanla silah qaçaqmalçılığı şəbəkəsində birlikdə fəaliyyət göstərərək təhlükəli cinayət qruplaşmasında iştirak etməklə, həm region, həm də Azərbaycan üçün təhlükəli vəziyyət yaratdı. Sadaladıqlarım İranın Azərbaycana qarşı etdiyi pisliklərin çox az qismidir. Dost bildiyimiz bu müsəlman ölkəsinin etdiyi əməllərə necə susmaq olar? Prezident İlham Əliyev də İran rəsmilərinin verdiyi uydurma, yalançı bəyanatlara ən düzgün və səlis şəkildə cavab verdi.

-Ümumiyyətlə, İranın son davranışları, Azərbaycana qarşı açıqlamalarının səbəbi sizcə nədir? Bəzi ekspertlər hesab edir ki, İranı əsas narahat edən məsələ Zəngəzur dəhlizinin açılmasıdır.

– Zəngəzur dəhlizi sadəcə bəhanədir. 30 ildə Azərbaycan torpaqları işğal altında olan zaman və ya 44 günlük müharibədə İran niyə Azərbaycana qarşı pis niyyətindən əl çəkmədi? İrana axı regionda 3+3 formatında əməkdaşlıq da təklif olunur. Deməli, Zəngəzur koridorunun perspektivlərindən İran da yararlana bilər. Lakin buna İran razi olmur. Deməli, bu bəhanədir. İranı Azərbaycana qarşı xarici siyasətində qıcıqlandıran 3 əsas məsələ var. Birincisi, NATO-nun Azərbaycanda fəaliyyət göstərməsi; ikincisi, ABŞ-ın Azərbaycanda fəaliyyəti; üçüncüsü isə İsrailin Azərbaycanda fəaliyyətidir. İran bu üç amilin Azərbaycanda fəaliyyətini arzulamır, istəyir ki, qismən də olsa ondan asılı olsun. Ona görə də İranın ali rəhbərindən tutmuş xarici işlər nazirinə qədər bütün rəsmilərin çıxışlarında bir əsas məqam var. Onlar deyir ki, Azərbaycan ərazisində sionistlərin fəaliyyətinə göz yuma bilmərik. İsrail Ermənistan ərazisində fəaliyyət göstərir. Ermənistanla İran sərhədinə yaxın ərazidə İsrailin müəssisəsi var. Bu İranın bulanıq suda balıq tutmaq sevdasına oxşayır. İranın ən çox qorxduğu məsələ Güney Azərbaycan faktorudur. İran ərazi bütövlüyünü bərpa etmiş, qüdrətli, demokratik, regionda söz sahibinə çevrilən Azərbaycan Respublikasını özü üçün böyük təhlükə hesab edir. Qorxur ki, orada öz milli haqlarını tələb edən fars olmayan etnik qruplar da bu istiqamətdə fəaliyyət göstərərək Azərbaycanı özlərinə örnək bilərlər. İran öz aləmində bacardığı qədər Azərbaycanı gücdən salmağa çalışır və bu istiqamətdə uydurma bəyanatlarla Azərbaycanı təhdid edir.

-Sizcə İranın bu əməllərinə qarşı orada yaşayan qırx milyon soydaşımız ayağa qalxarsa, nələr baş verəcək?

– İran bundan ehtiyat etdiyi üçün Azərbaycana qarşı təzyiqlər edir və guya Azərbaycanın inkişafının qarşısını almağa cəhd edir. İranın xarici siyasət kursunun əsas məsələlərindən biri də Güney Azərbaycan milli hərəkatını Azərbaycan Respublikasında boğmağa çalışmaqdır. İran düşmənlərini adətən başqa ölkənin ərazisində qarşılayır. Məsələn, İsrailə qarşı Suriyada, Livanda müharibə edir. Eləcə də, daxilindəki etiraz aksiyalarını da istəyir ki, başqa ölkənin ərazisində boğsun. Bu cəfəng ideyadır. İran boş düşüncəyə qapılıb ki, guya Güney Azərbaycanda milli haqları uğrunda mübarizə aparan insanlar Azərbaycan Respublikasından idarə olunur. Bu, yanlış və uydurma informasiyadır. Orada insanlar öz haqları uğrunda mübarizə aparırlar. İnsan haqları baxımından Azərbaycan bu məsələyə münasibət bildirə bilər, çünki insan haqları bir ölkənin daxili məsələsi hesab olunmur. Güney Azərbaycan türkləri İranın Azərbaycana etdiyi haqsızlıqlarla bağlı öz etirazlarını hər zaman bildirirlər. Orada yaşayan soydaşlarımız İran vətəndaşlarıdır və İranın işğalçı ölkəyə yardımını pisləyirlər. Vaxtilə İran parlamentində Fələstinə yardım edilməsinə də etiraz edilib. İranlı deputatlar bildirib ki, biz nə zamana qədər Fələstin Azadlıq Təşkilatına İran büdcəsindən yardım edəcəyik? İranın Suriyada, İraqda, Yəməndə, Fələstində, Əfqanıstanda və bilmədiyimiz bir çox ölkədə qoşunu var. Bu silahlı qoşunların hər birinə İran vətəndaşının pulu ilə yardım ayrılır. Bu gün Ermənistana edilən yardımlar da İran vətəndaşının cibindən gedir.
İran müsəlman torpaqlarını işğal edən, məsciddə donuz saxlayan faşistlərə yardım edir. Haqlı olaraq İranda yaşayan soydaşlarımız da buna etiraz edir.

– Sədrəddin bəy, İranın bu əməllərinin nəticəsi necə olacaq? Azərbaycanla münasibətlərin pisləşməsi müharibəyə qədər gedib çıxa bilərmi?

– İranın Azərbaycanla müharibəsi mümkün görünmür. Bu ehtimal çox azdır. İndiki şəraitdə İran düşünsün ki, Azərbaycanla müharibəyə qalxsa, İrandan “İranlıq” qalarmı? İranın ordusunun, inqilab keşikçiləri qvardiyasının az qala yarısı azərbaycanlıdır. Soydaşlarımız bizə qarşı silah atarmı? Bu İran ordusunda parçalanmaya gətirib çıxara bilər. Müharibə olmayacaq. İran sadəcə Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Düşünürəm ki, belə davam edərsə, İran-Azərbaycan münasibətləri ən son həddə qədər gərginləşəcək və daha sonra danışıqlar vasitəsilə problemlər öz həllini tapacaq”.

//Gülnarə Abasova, Editor.az