“MOSKVA ŞOKDADIR…” – “Xarkovdakı məğlubiyyət Kremldə “çatlar” əmələ gətirəcək”backend

“MOSKVA ŞOKDADIR…” – “Xarkovdakı məğlubiyyət Kremldə “çatlar” əmələ gətirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kremldə rus qoşunlarının Xarkovdakı ağır məğlubiyyətindən şoka düşüblər. Moskvanın reaksiyası bunu gözəl nümayiş etdirir”.

AzPolitika.info” xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı birləşmələrinin sabiq baş komandanı, general Ben Hodces Almaniya mətbuatına müsahibəsində bildirib.

ABŞ generalı Ukrayna Ordusunun Xarkovdakı hərbi uğurunu üç aspektlə izah edib: “Birincisi, rus ordusu tükənib, arxa cəbhə təminatı üzülüb, zabit heyətinin əhəmiyətli hissəsi məhv edilib və onların döyüşmək həvəsi yoxdur.

İkincisi, Qərbin verdiyi silahlar güclü təsir göstərir. Onların sayəsində Rusiyanın artilleriyasını, komanda mərkəzlərini və logistikasını pozmaq, ya da məhv etmək mümkün olub. Bu problemlər nəticəsində rusiyalılar nə baş verdiyini anlamaqda və operativ cavab verməkdə çətinlik çəkirlər.

Üçüncüsü, bütün bunlar Ukrayna Baş Qərargahının və Ukrayna Silahlı Qüvvələrinin xidmətidir. Onlar nizam-intizamlıdırlar. Onlar informasiyanın və operativ təhlükəsizliyin qorunması üçün yaxşı iş görüblər. Onlar rusiyalıları əsas zərbənin hara vurulacağıyla bağlı aldatdılar, Xersona hücum ediləcəyini açıq şəkildə desələr də, əsas zərbəni şimalda endirdilər. Ona görə də taktiki planlamanın yüksək səviyyəsini müşahidə edirik”.

 

 

General deyib ki, hazırda Moskva bu məğlubiyyətə görə çaşqın durumdadır: “Aydın görünür ki, Moskva çaşqınlıq içərisindədir. Yəqin ki, bu, şokdur. Bu sistemdə heç zaman yuxarılara dəqiq informasiya çatdırılmayıb. Ona görə mümkündür ki, Kremldə müxtəlif səviyyələrdə döyüş meydanında nələrin baş verdiyindən xəbərsiz olublar”.

Amerikalı generalın fikrincə, bu məğlubiyyətlər Kremldə “çatlar əmələ gətirəcək”. Cəmiyyətdə isə bir yandan müharibəni dəstəkləyənlər ölkənin hərbi-siyasi rəhbərliyini sərt tənqid etməyə başlayır, digər yandan isə müharibə əleyhinə olanların arqumentləri çoxalır.

Hodces Xarkov istiqamətində baş verənlərə cavab olaraq, Rusiyanın Kiyevə raket zərbələri endirəcəyini istisna etməyib və bildirib ki, rus ordusunun dinc, günahsız insanları öldürməkdən başqa əlindən heç nə gəlmir: “Çünki onlar quru qoşunları ilə Ukrayna Silahlı Qüvvələrini dayandıra bilmirlər. Rusiya aviasiyası demək olar ki, görünmür, Rusiya donanması isə Krımın arxasında gizlənib. Odur ki, mən hansısa böyük hərbi əməliyyatlar ehtimalını görmürəm. Ona görə də rusiyalılar bütün bunları yalnız raket buraxmaqla kompensasiya etməyə çalışacaqlar – raketlər qurtarana, ya da onların qarşısı alınana qədər”.