Paşinyandan gecikən qalmaqallı ETİRAFbackend

Paşinyandan gecikən qalmaqallı ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində gec də olsa bir sıra maraq doğuran etiraflar edib. Ola bilsin ki, hər dəfə olduğu kimi, bu dəfə də sözlərini geri götürəcəyi və yaxud fikirlərinin təhrif olunduğunu deyəcək. Yəni bu variant istisna edilmir. Erməni baş nazirin açıqlamasında maraqlı məqam onun ölkənin xarici siyasəti ilə bağlı olub. Bildirib ki, Ermənistanın əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır. Xüsusi vurğulayıb ki, bəzi qonşularla normal münasibətlər qura bilməyiblər. Və bu vəziyyəti dəyişmək onlar üçün həyati əhəmiyyət kəsb edir. “Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir”, – Paşinyan etiraf edib.

Qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə təxminən heç bir əlaqəsi yoxdur və bunu dəyişmək lazımdır. Baş nazirin çıxışı birbaşa revanşist əhval-ruhiyyədə olan, eləcə də, qondarma soyqırıma görə qisas hissi ilə alışıb-yanan qüvvələrə yönəldiyi bəllidir. Axı, məhz bu qüvvələrin təşəbbüsü ilə İrəvanın mərkəzində daşnak-terrorçu hərəkat nümayəndələrinə abidə qoyulub. Xatırladaq ki, “Nemesis” adlanan hərəkat liderləri Azərbaycan və Türkiyə liderlərinə qarşı terror etməklə tanınıblar. Bu abidənin qoyulması isə normallaşmaqda olan Türkiyə-Ermənistan münasibətlərini yenidən əvvəlki dövrə qaytardı, gərginlik yarandı. Baş nazir də bu gərginliyin yaranmasına görə məsuliyyəti millətçi revanşist qüvvələrin üstünə yıxdı. İndi də etiraf edir ki, qonşularla normal münasibətlərin qurulması zəruridir. Paşinyan az saylı ermənilərdəndir ki, “əbədi düşmən”, “qaniçən türklər” ideologiyasının artıq arxivə atılmalı olduğu qənaətinə gəlib. Və hər vəchlə çalışır ki, bu xəstəlikdən xalqını azad etsin. Baş nazir etiraf edir ki, “bu vəziyyəti dəyişmək bizim ölkə üçün həyati əhəmiyyət kəsb edir. Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir”.

Paşinyanın etirafında onu da bildirib ki, parlamentdə bu məsələ ilə bağlı bu yaxınlarda çıxış edib. Müxalifətin buna etirazına toxunub, deputatlara Ermənistanın qonşuları ilə diplomatik münasibətlərin qurulmasından danışıb: “Müxalifətçi isə buna etirazla dedi ki, mən elə danışıram, sanki Ermənistanın qonşusu İsveçdir. Ona dedim ki, yaxşı olardı Skandinaviya və Avropanın tarixini öyrənək. Əgər biz elə düşünürüksə ki, Skandinaviya həmişə belə sülh içində olub, səhv edirik. Mənə dedilər ki, Skandinaviyada soyqırım olmayıb. Bəli, bizimlə Skandinaviya arasında çoxlu fərq var, ancaq bir şey aydındır ki, tarixi insanlar yazır”. Maraqlıdır ki, baş nazir müsahibəsində qonşular deyəndə Rusiyanın adını da çəkməyib.

Beləliklə, hər çıxışında Qərbə inteqrasiya və əməkdaşlığı genişləndirməkdən danışan baş nazir  bu inteqrasiyanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından keçdiyi mümkünlüyünü artıq anlamağa başlayıb. Və soydaşları da bunu anlasa gözəl olardı. Anlamalıdırlar ki, buna gedən yol isə ittihamlara son qoyulması, ərazi bütövlüyünün tanınması və qeyd-şərtsiz sülh müqaviləsini imzalamaqdan keçir. Ən əsası revanşist, regionda sülhə mane olan dövlətlərin əlində oyuncağa çevrilmək siyasətinə son qoymalıdır. Əks halda 30 il yaşadıqları rəzil durumu təkrar yaşamalı olacaqlar.

Milli.az